APPENDİSİT

Appendisit kor bağırsağın qurdvari çıxıntısının (appendiks) iltihabıdır.
İltihab - qurdvari çıxıntının öz boşluğundan infeksiya törədicilərinin onun selikli qişasına yeriməsi nəticəsində baş verir. İltihabi prosesin inkişafına səbəb qurdvari çıxıntıda durğunluq, tərkibində nəcis daşlarının əmələ gəlməsi, çıxıntıya yad cisimlərin daxil olması, çıxıntının öz oxu ətrafında fırlanması və s. nəticəsində qurdvari çıxıntının boşluğunda təzyiqin artması, selikli qişanın tamlığının pozulması və orada mikroorqanizmlərin çoxalmasıdır.
Appendisit hər bir  yaşda  təsadüf edə bilər, amma daha çox cavan yaşlarda müşahidə olunur.
Əgər o vaxtında müalicə edilməzsə (kəsilib atılmazsa), iltihablaşmış appendiks deşilə bilər, bu da çox ciddi fəsadla və hətta ölümlə nəticələnə bilər. Appendisitdən ölüm hallarının başlıca səbəbi həkim (tibbi) köməyinin gecikdirilməsi və bir çox hallarda düzgün diaqnozun qoyulmamasıdır. Appendisitin ilkin simptomları, çox vaxt, mədə pozğunluğu və yaxud qəbizlik kimi qəbul edilir.
Appendisitin tutması, əsas etibarı ilə, göbək ətrafında ağrıdan başlayır, bununla yanaşı ürəkbulanma və qusma da müşahidə olunur. Ağrı bir neçə saatdan sonra qarının aşağı hissəsinə, sağa, qabırğa sümüyündən təxminən 5 sm aralıda yerləşən nahiyəyə (sağ qalça çuxuru) keçir. İlk anlar, heç də həmişə, kəskin ağrılar olmur, ağrı tədricən artır. Tipik «qurşaqvari» ağrılar qeyd olunur. Xəstə, çox vaxt, hərəkətsiz qalmağa üstünlük verir, belə ki, gəzdikdə, hətta tərpəndikdə belə, ağrılar kəskin surətdə artır. Ağrı nahiyəsinin barmaq müayinəsi zamanı (palpasiya), əllə sağ qalça çuxuruna təzyiq edib, birdən götürdükdə ağrının kəskin surətdə artması (Şyotkin-Blyumberq simptomu) diaqnostik əhəmiyyətə malikdir. Bundan başqa, xəstə sol böyrü üstə uzandıqda ağrının artması (Sitkovski simptomu) və sol qabırğaaltı nahiyəyə təkanvari təzyiqlər etdikdə sağda ağrının güclənməsi (Rovzinq simptomu) appendisitin klassik simptomlarıdır. 
Bədən hərarəti azacıq yüksələ (37,2o-38,3oC), bəzən isə norma hüdudlarında qala bilər. Qəbizlik - adi haldır, bununla belə, onu çox vaxt yanlış olaraq ağrının səbəbi kimi qəbul edirlər.

Qarın nahiyəsində, yuxarıda göstərilən xarakterik kəskin ağrılar varsa, və bu ağrılar bir sutkadan artıq davam edirsə, mütləq həkimə müraciət etmək lazımdır. Müstəqil özünü müalicəylə məşğul olmaq qəti surətdə olmaz. Hər hansı bir ağrıkəsici dərman qəbul etmək (bu, xəstəliyin klinik şəklini poza bilər və diaqnostikasını çətinləşdirər), işlətmə dərmanlarından istifadə etmək, imalə etmək (bu əməliyyat appendiksin tamlığının pozulması təhlükəsini artırır) qəti qadağandır. Qida və maye qəbulundan imtina etmək məsləhətdir.
Həkim gələnədək bir qədər ağrını azaltmaq üçün qarın nahiyəsinə buz kompresi qoymaq olar. Ağrı nahiyəsinə isti şey qoymaq, hər hansı bir üsulla isitmək qəti olmaz.

Appendisitin müalicəsi yalnız cərrahi (operativ) yolla - iltihablaşmış qurdvari çıxıntının kəsilib atılması ilə (appendektomiya) aparılır.






No comments:

Post a Comment

Şərhlərinizi bura yaza bilərsiniz.