Angina (kəskin
tonzillit), başlıca olaraq damaq badamcıqlarının zədələnməsi ilə müşayiət olunan
kəskin infeksion-allergik xəstəlikdir. Xəstəliyə, əsasən, məktəbəqədər və məktəb
yaşlı uşaqlar və 35-40 yaşdan yuxarı böyüklər məruz qalır. Mövsümlə əlaqədar xəstələnmənin
yaz və payız aylarında artımı müşahidə olunur.
Yoluxma ekzogen
(yəni ətraf mühit amillərinin təsiri nəticəsində) və endogen (orqanizmin daxili
amillərinin təsiri nəticəsində) ola bilər. Daha çox ekzogen yoluxma müşahidə olunur.
İnfeksiyanın ötürülməsi iki yolla mümkündür: hava-damcı və alimentar (qida vasitəsilə).
Birinci halda yoluxma, bir qayda olaraq, angina ilə xəstə adamla təmas nəticəsində
baş verir. Anginanın, əmcəyində irinli xəstəlik olan inəklərin qaynadılmamış südünün
qəbulu nəticəsində yayılması faktları da məlumdur. Endogen yoluxma ağız boşluğunda
və udlaqda xroniki iltihab yuvaları (xroniki tonzillit, dişlərin kariesi, damaq
xəstəlikləri və s.) olduqda baş verir. Burun və burun artımlarının irinli xəstəlikləri
də anginanın məmbəyi ola bilər.
Adi anginaların kataral, follikulyar (lakunar) və fleqmanoz formalarını ayırd etmək olar.
Kataral angina udlaqda quruluq, göynəmə və acışma hissi ilə başlayır. Birinci sutka ərzində udqunma zamanı ağrı da əlavə olunur. Böyüklərdə hərarət subfebril (37oC-38oC), uşaqlarda 38oC-yə qədər arta bilər. Xəstələr ümumi zəiflikdən, əzginlikdən və baş ağrılarından şikayət edirlər. Müayinə zamanı udlaqda şişkinlik, damaq badamcıqlarında və onların ətraf nahiyələrində hiperemiya (qızartı) müşahidə edilir.
Follikulyar və lakunar anginalar daha qabarıq kliniki gedişi ilə xarakterizə olunur. Bir qayda olaraq, kəskin başlanğıc, üşütmə, bədən hərarətinin 39oC-40oC-yə qədər, bəzən daha artıq yüksəlməsi (xüsusilə uşaqlarda), intoksikasiyanın qabarıq əlamətləri - zəiflik, tərləmə, baş ağrıları, bel nahiyəsində və oynaqlarda ağrı, iştahın itməsi və s. müşahidə olunur. Müayinə zamanı udlaqda qabarıq şişkinlik və badamcıqların hiperemiyası ilə yanaşı xırda sarımtıl-ağ köpükcüklər şəklində irinləmiş follikullar görünür. Lakunar angina zamanı lakunaların məcrasında sarımtıl-ağ ərp əmələ gəlir.
Fleqmanoz anginalar badamcıqlar ətrafı toxumaların kəskin irinli iltihabı olaraq, adətən, xəstəliyin yuxarıda açıqlanan formalarının fəsadlaşması kimi qiymətləndirilə bilər. Bu xəstəlik, udqunma zamanı boğazda kəskin ağrıların olması ilə (hətta, bəzən xəstə duru xörəkdən belə imtina edir), kəskin baş ağrıları, titrətmə, süstlük, zəiflik, çeynəmə əzələlərində trizm (qıcolma), bədən hərarətinin 38oC-39oC-yə qədər yüksəlməsi, ağızdan xoşagəlməz qoxu, artıq tüpürcək ifrazı ilə fərqlənir. Yumşaq damağın kəskin hiperemiyası (qızarması) və ödemi (şişməsi) həkim müayinəsini çətinləşdirir.
Çox zaman klinik praktikada anginanı (xüsusilə, lakunar anginanı) difteriyadan (lokalizə olunmuş əsnək difteriyasından) ayırmaq lazım gəlir. İlkin əlamətlər: ümumi zəiflik, süstlük, dərinin bəyaz rəngi, subfebril hərarət (37oC-38oC), difteriyadan şübhə doğura bilər. Lakunar angina zamanı sarımtıl-ağ ərp badamcıqlar hüdudunda yerləşir və şpatellə asanca götürülür. Bu zaman badamcıqların dəyişilməmiş səthi görünür. Difteriyada isə ərp bulaşıq-qonur rəngdə olur, badamcıqların hüdudundan kənara çıxır, şpatellə çox çətinliklə qopur və qopulmuş yerdə zədələnmiş sahə qalır. Difteriyadan şübhə olduqda xəstə təcili olaraq xəstəxananın infeksion şöbəsinə çatdırılmalıdır.
Anginanın müalicəsi, adətən, ev şəraitində aparılır. Xəstəliyin birinci günləri, hərarət normal göstəriciyə enənə qədər, yataq rejimi gözlənilməlidir. Bol maye (meyvə şirələri, limonlu çay, süd, qələvi tərkibli mineral sular) və vitaminlərlə zəngin qida qəbulu məsləhət görülür. Dərman preparatları anginanın xarakterindən, digər orqan və sistemlərin vəziyyətindən asılı olaraq, həkim nəzarəti altında qəbul edilməlidir. Anginanın yüngül gedişi zamanı sulfanilamid preparatları (baktrim, biseptol, septrin, sulfadimetoksin, sulfamonometoksin və s.), ağır formalarda, qabarıq intoksikasiya əlamətləri olduqda antibiotiklər (ampisillin, oksasillin, ampioks, sumamed və s.) qəbul edilməlidir. Bunlarla yanaşı, xəstəyə asetilsalisil turşusu (aspirin) 0,5q gündə 3 dəfə və askorbin turşusu (C vitamini) 0,1q gündə 4 dəfə təyin edilir.
Qarqara üçün kalium permanqanatın, bor turşusunun, qramisidinin, furasillinin, natrium hidrokarbonatın (soda), natrium xloridin (xörək duzu) məhlulları, adaçayı (şalfey) və çobanyastığı (romaşka) dəmləmələri istifadə olunur. Qarqara edə bilməyən uşaqlara, hər yarım saatdan, bir saatdan bir, çox qaynar olmayan limonlu çay və meyvə şirələri verilir. Gecələr boğaza üstdən isidici kompres, gündüz isə quru isti sarğı qoyulması məsləhət görülür. Buxar inhalyasiyalarından (buxarla nəfəs alma) istifadə olunur.
Anginalı xəstə ayrıca otaqda yerləşdirilməli, tez-tez otağın havası dəyişdirilməli və nəm təmizləmə aparılmalıdır. Xəstəyə ayrıca qab-qacaq ayrılmalı və hər istifadədən sonra qaynar su ilə yaxalanmalı və ya qaynadılmalıdır. Yatağın yanında tüpürcək üçün dezinfeksiyaedici məhlulla (xloramin, perhidrol, formalin və s.) xüsusi qab qoyulmalıdır. Xəstənin ətrafdakılarla, xüsusilə uşaqlarla, təmasda olması məhdudlaşdırılmalıdır.
Anginanın qarşısını almaq üçün xroniki infeksiya məmbələrinin (kariesli dişlər, xroniki tonzillit, burun artımlarının xroniki xəstəlikləri - haymorit, frontit və s.) vaxtında müalicəsi, burunla sərbəst tənəffüsü çətinləşdirən səbəblərin (uşaqlarda ən çox adenoidlər) aradan qaldırılması vacib şərtlərdəndir.
Orqanizmin möhkəmləndirilməsi, düzgün əmək və istirahət rejimi, zərərli amillərin - toz, tüstü (o cümlədən, tütünün), həddindən artıq quru hava, alkoholun qəbulu və s., aradan götürülməsi xüsusi əhəmiyyət kəsb edir.
Xalq arasında angina zamanı soğandan geniş istifadə olunur. Onu, ya təzə hazırlanmış şirə şəklində (1 çay qaşığı gündə 3 dəfə), ya da inhalyasiya üçün istifadə etmək olar:
- baş soğan ət maşınından keçirilərək boşqaba qoyulur və ağızla 2-3 dəq. gündə 3 dəfə nəfəs alınır. Bu vaxt ancaq təzə hazırlanmış soğan horrası istifadə edilməlidir. Belə ki, 10-15 dəqiqədən sonra soğanda olan fitonsidlər öz müalicəvi əhəmiyyətini itirirlər.
Xörək duzunun, mətbəx sodasının və 5%-li yodun su məhlulunun da effekti var:
- 1/2 çay qaşığı duz və həmin miqdarda soda, 4 damcı yod 1 stəkan ilıq qaynadılmış suda yaxşıca qarışdırılır və gündə bir necə dəfə qarqara edilir.
Qarqara üçün bundan başqa aşağıdakılar istifadə olunur:
- qatı qaragilə (çernika) meyvəsinin həlimi (0,5 litr suya 100 q quru meyvə, həcmi 0,3 litrə enənə kimi qaynadılır);
- çiçək açan vaxt yığılmış adaçayı (şalfey) yarpaqlarının dəmləməsi (4 çay qaşığı xırdalanmış yarpaq 2 stəkan qaynadılmış suda dəmlənir və 30 dəq. soyudulur);
- evkalipt dəmləməsi (100 q yarpaq 1 litr qaynadılmış suda);
- kalendula dəmləməsi (20 q 1 stəkan suda);
- limon turşusunun 3%-li məhlulu. Məhlul əvəzinə 2-3 dilim limonu ağızda (udlağa yaxın) saxlayaraq, bir qədər sormaq və udmaq olar. Proseduru hər 1 saatdan bir təkrar etmək məsləhətdir;
- alma sirkəsi (1 stəkan suya 1 çay qaşığı).
«Buxar vannaları» vəziyyəti yüngülləşdirir, ağrıları azaldır
və iltihabi prosesin qarşısını alır. Bunun üçün xırdalanmış kartofu və yaxud dərman
bitkisini, məsələn, çobanyastığı (romaşka) çiçəyini, nanəni, adaçayını (şalfey)
suda qaynatmaq və başı mələfə (döşəkağı), üstündən də yorğanla örtərək, buxarı ilə
tənəffüs etmək lazımdır:
- bir ovuc dərman bitkisinin üzərinə 0,25 litr qaynar su əlavə edərək 30 dəq. saxlayıb, üzərinə həcmi 1litr çatanadək qaynar su əlavə edirlər. 10-15 dəq. müddətində növbə ilə ağız və burun vasitəsilə buxarı ilə nəfəs alırlar.
Angina zamanı aşağıdakı prosedur da kömək edir:
- sol əli boyun ardında yerləşdirərək, sağ əlin ovucu ilə boğazı sıxırlar. Proseduru gündə bir neçə dəfə 15-20 dəq. müddətinə etmək məsləhət görülür.
Yuxarıda göstərildiyi kimi angina bədən hərarətinin yüksəlməsi ilə müşayiət olunur. Çaya əlavə edilmiş bal və moruq mürəbbəsi hərarət salıcı təsirə malikdir. Hərarəti salmaq üçün xalq təbibləri çay kimi hazırlanmış çobanyastığı və cökə ağacı çiçəyinin dəmləməsini məsləhət görürlər:
- 1 çay qaşığı çobanyastığı və yaxud 1 xörək qaşığı cökə çiçəyini 1 stəkan qaynadılmış suda dəmləyərək 30 dəq. saxlamaq və tənzifdən süzmək lazımdır. 1/2 stəkan gündə 2-3 dəfə qəbul edilir.
Deyildiyi kimi yüksək hərarət olduqda çoxlu maye (gündə
2,5 litrə qədər) qəbul etmək lazımdır. Bunun üçün yüngül sidikqovucu təsirə malik və
bədəndən anginanı törədən mikroorqanizmlərin xaric edilməsinə kömək edən quşüzümü,
limon, mərsin (brusnika) əlavə edilmiş çay içmək məsləhətdir.
Qədimdən xalq təbabətində tərlədici və hərarət salıcı vasitə
kimi qara gəndalaş dəmləməsindən istifadə edilir:
- 1 xörək qaşığı quru yarpaq 1 stəkan qaynadılmış suda dəmlənir, süzülür. 2 xörək qaşığı gündə 5-6 dəfə qəbul edilir.
No comments:
Post a Comment
Şərhlərinizi bura yaza bilərsiniz.