Yaranma səbəblərinə görə 3 növ sarılıq ayırd edilir: hemolitik (qan xəstəlikləri nəticəsində),
parenximatoz (qaraciyər xəstəlikləri nəticəsində)
və obturasion (başqa sözlə, mexaniki,
yəni öd yollarının mexaniki olaraq tutulması nəticəsində).
Hemolitik sarılıq qanda bilirubin
balansının pozulması nəticəsində əmələ gəlir. Bu sarılığın əsas səbəbləri irsi və
qazanılma hemolitik anemiyalardır (bax: anemiya).
Bundan başqa hemolitik sarılıq digər anemiyalarda, sepsis (orqanizmin ümumi, generalizə
olunmuş irinli infeksiyası), septik endokardit, müxtəlif orqanların infarktı (çox
vaxt ağ ciyərin), şüa xəstəliyi, malyariya, habelə zəhərli maddələrlə zəhərlənmələr
və uyğunsuz qan köçürmələr zamanı inkişaf edə bilər.
Hemolitik sarılığın xarakter əlamətləri bunlardır: selikli
qişaların, skleranın (gözün ağ qişası) və dərinin mülayim sarılığı, bu sarılığın onların bəyazlığı
ilə bahəm müşahidə edilməsi, dalağın və bəzi hallarda qaraciyərin böyüməsi, nəcisin
hiperpiqmentasiyası (tünd qəhvəyi rəngdə olması) və s.
Parenximatoz sarılıq patoloji prosesin
qaraciyər toxumasında və qaraciyəriçi öd yollarında yerləşməsi ilə xarakterizə olunur.
Bu növ sarılıq virus hepatiti (bax: virus hepatiti), infeksion mononukleoz, leptospiroz, qaraciyərin toksik zədələnmələri
(alkohol intoksikasiyası, kimyəvi maddələrlə zəhərlənmə, dərman preparatlarının
uyğunsuzluğu və s.), xroniki aktiv hepatit, qaraciyərin sirrozu, şişi zamanı müşahidə
edilir.
Obturasion (mexaniki) sarılıq ödün öd yolları ilə onikibarmaq bağırsağa hərəkətinə maneə törədildiyi
zaman əmələ gəlir. Bunun səbəbi öd yollarının konkrementlərlə (daşlarla), parazitlərlə
tutulması, mədəaltı vəzi başcığının və yaxud fater məməciyinin (onikibarmaq bağırsağın
böyük məməciyinin) şişi və habelə mədəaltı vəzin kistası və iltihabı, ümumi öd yolunun
çapıq nəticəsində daralmasıdır.
Ödün hərəkətinə maneə olduqda öd yollarında təzyiq artır və
bu da öd piqmentlərinin genişlənmiş öd kapilyarlarının divarlarından limfaya və
qana keçməsinə səbəb olur. Obturasion sarılıq dərinin tədricən saralması ilə xarakterizə
olunur. Nadir hallarda, məsələn, «ventilli» daşlar (vaxtaşırı «açılıb-bağlanan»)
olduğu zaman, sarılıq gah olur, gah da keçib gedir. Sidik pivə rəngində, üzəri sarı
köpüklə örtülmüş olur. Nəcis rəngsizləşir, gil şəklində, ağımtıl-boz rəngdə olur.
Sarılıqlı xəstələri, diaqnozu dəqiqləşdirmək və rasional müalicə
aparmaq üçün, mümkün qədər təcili xəstəxanaya yerləşdirmək lazımdır. Əsas xəstəliyin
erkən aşkar edilərək müalicəsi, cərrahi müdaxilə daxil olmaqla (məsələn, obturasion
sarılıq zamanı), çox vacib əhəmiyyətə malikdir.
No comments:
Post a Comment
Şərhlərinizi bura yaza bilərsiniz.