QICIQLANMIŞ BAĞIRSAQ SİNDROMU

Qıcıqlanmış bağırsaq sindromu nədir?

Qarın ağrısı, spazm və daim bağırsaq funksiyasının pozğunluğundan əziyyət çəkirsiniz? Gah ishal, gah da qəbizlik - bağırsaqda baş verən xoşagəlməz proseslər bütün planlarınızı poza bilər, buna görə də qarnımızdakı narahatlığı dayandırmaq üçün müxtəlif dərmanlardan istifadə edirik. Lakin bu vasitələr təkrar-təkrar geri dönən ciddi bir xəstəliyin simptomlarından yalnız müvəqqəti olaraq xilas edə bilər. Bəs bu simptomların bir səbəbi varmı? Bəli, bu – qıcıqlanmış bağırsaq sindromudur? Bu xəstəlik nədir, onun əlamətləri nədir və onu necə müalicə etmək olar, bu yazıda izah edəcəyik.

Qıcıqlanmış bağırsaq sindromu defekasiya zamanı qarında diskomfort yaradan bağırsaq fəaliyyətinin pozğunluğudur. Özü-özlüyündə sindrom xəstəlik deyil, simptomlar toplusudur ki, tez-tez naməlum səbəblərdən yaranır. Təəssüf ki, belə pozğunluqlar insanın həyat keyfiyyətinə təsir edir və ona narahatlıq yaradır: həzmi pozulur, orqanizmdə mübadilə prosesləri pisləşir, orqanizmin qida maddələri ilə təminatı azalır.

Qıcıqlanmış bağırsaq sindromu daha çox 25-40 yaşlar arasında rast gəlinir. Statistikaya görə, hər üç adamdan biri qıcıqlanmış bağırsaq sindromunun xoşagəlməz simptomları ilə həyatda ən azı bir dəfə qarşılaşıb.

Dünyada bu xəstəlik, müxtəlif mənbələrə görə, əhalinin 15-30% -də qeyd edilir. Düzdür, onların yalnız üçdə biri kömək üçün həkimə müraciət edir. Ən pik göstərici gənc əmək qabiliyyətli insanlardadır, 60 yaşdan yuxarı isə qıcıqlanmış bağırsaq sindromu praktiki olaraq rast gəlinmir.

Patologiyanın rast gəlinmə tezliyi insanın məskunlaşdığı yerdən də asılı ola bilər. Adətən bu qəbildən olan pozğunluqlar böyük şəhərlərdə yaşayan insanlarda kənd və kiçik qəsəbələrdə yaşayanlara nisbətən daha tez-tez qeyd edilir. Bunu böyük meqapolislərdə psixoloji gərginliyin və emosional fonun artmış səviyyəsi ilə əlaqələndirirlər.   

Qadınlarda bu patologiya daha çox rast gəlinir. Statistikaya görə, fərq təxminən 50% təşkil edir. Yəni belə problemi olan qadınlar həkimlərə kişilərə nisbətən təxminən 2 dəfə çox müraciət edirlər.

Qıcıqlanmış bağırsaq sindromunun səbəbləri

Bağırsağın fəaliyyətinin pozulmasını xəstənin orqanizminin xüsusiyyətləri ilə əlaqələndirirlər. Adətən bu xəstəliyə aşırı emosional, qeyri stabil psixikaya malik, stressə meyilli insanlar düçar olurlar. Eləcə də bu faktorların da rolu istisna edilmir:

  • adəti qidalanma rejiminin və xüsusiyyətinin pozulması;
  • qidada kifayət qədər qida liflərinin (sellüloza) olmaması;
  • az hərəkətli həyat tərzi;
  • ginekoloji xəstəliklər (bağırsaq fəaliyyətini reflektor olaraq poza bilər);
  • hormonal pozğunluqlar – klimaks, predmenstrual sindrom, piylənmə, hipotireoz, şəkərli diabet və s.;
  • disbakteriozla nəticələnən kəskin bağırsaq infeksiyaları

Nə etməli?

Belə hallarda özünümüalicə ilə məşğul olmaq sağlamlıq üçün çox təhlükəli ola bilər. Məsələ burasındadır ki, sindrom kompleks şəkildə, müalicə həkiminin nəzarəti altında aparılmalıdır. Özünümüalicənin nəticəsi bağırsaq keçməməzliyi və mədə-bağırsaq traktının (MBT) çoxsaylı xroniki xəstəliklərinin inkişafı ola bilər. Qıcıqlanmış bağırsaq sindromunun ilkin əlamətləri ilə terapevtə müraciət etməlisiniz ki, lazım olarsa o, sizi mütəxəssis-qastroenteroloqa yönləndəcək. Diaqnoz adətən şişin, bağırsaqda iltihablı dəyişikliklərin istisna edilməsindən sonra təsdiqlənir.

Bağırsaqlarda qidanın həzm edilməsi və orqanizm tərəfindən qida maddələrinin mənimsənilməsi prosesi baş verir. Qida bağırsaqlara daxil olduqda, bağırsaq boyunca hərəkət edir. Bu təşviq prosesi bağırsaq divarındakı saya əzələ hüceyrələrinin fəaliyyəti ilə əldə edilir. Hüceyrələr növbə ilə yığılır və boşalır. Buna bağırsağın peristaltikası deyilir. Ancaq QBS (qıcıqlanmış bağırsaq sindromu) zamanı bu hüceyrələrin fəaliyyəti pozulur. Qida bağırsaqlardan ya çox tez, ya da çox gec keçməyə başlayır. Nəticədə diskomfort yaranır – müvafiq olaraq, ya ishal, ya da qəbizlik olur.

Qıcıqlanmış bağırsaq sindromunun simptomları

  • Ürəkbulanma və qusma refleksinin olması;
  • Çox miqdarda qazın xaric olması ilə müşayiət olunan meteorizm;
  • Qarında ağrı və spazmın olması;
  • Qarında daimi köp;
  • Defekasiyanın pozğunluqları – qəbizlik və ya ishal;
  • Aşağı qarın nahiyəsində kəsici ağrılar;
  • Yuxu pozğunluğu;
  • Artmış ürək döyüntüləri;
  • Artmış yorğunluq hissi;
  • Qidanın gec həzm olunması;
  • Nəcisdə selik izləri;
  • Defekasiyaya yalançı çağırışlar;
  • İştahın itməsi.

Eləcə də, tez-tez bu xəstəlik, ilk baxışdan bağırsaq patologiyasına xas olmayan simptomlarla da müşayiət oluna bilər: baş ağrıları, onurğa nahiyəsində və əzələlərdə xoşagəlməz hissiyyat, bədən çəkisinin azalması və qarının ödemi. Bütün bu simptomlar daimi olmur, vaxtaşırı itir və müəyyən müddətdən sonra yenidən əmələ gəlir. Belə xoşagəlməz hissiyyatlar ən çox hər qida qəbulundan sonra əmələ gəlir, sonra isə get-gedə azalır.

Niyə bu baş verir?

Qidalanma. Qızardılmış, duzlu, şirin və yağlı qidaların, habelə alkoqollu içkilərin qəbuilu həzmə neqativ təsir göstərir. Eləcə də, müasir insan (xüsusən də gənclər) daim “ayaqüstü” yeməyi üstün tuturlar. Bu da bağırsağın fəaliyyətinə mənfi təsir göstərir.

Hormonal pozğuntular. Bu, əsasən qadınların həyatlarının hamiləlik, laktasiya (döşlə əmizdirmə), menstrual sikl, menopauza dövrlərinə xasdır.

Bağırsaq motorikasının pozulması. Motorika tezləşmiş rejimdə çalışırsa, bu bağırsaqların boşalmasına və ishala (diareya) səbəb olur. Əksinə, motorika yavaşıyırsa, bu zaman qəbizlik olur. Nəticədə ağrı hissi əzələlərin kəskin spazmına səbəb olur.

Emosional gərginlik: stress, depressiya, həyəcan, yorğunluq.

Mədə-bağırsaq traktının xəstəlikləri. Keçirilmiş İnfeksion-bakterial mənşəli MBT xəstəlikləri sonradan bağırsağın fəaliyyətinə təsir edərək QBS-a səbəb ola bilər.

Qıcıqlanmış bağırsaq sindromunin diaqnostikası

Yuxarıda qeyd edilən simptomlardan əziyyət çəkirsinizsə, terapevtə müraciət edin. O ilkin müayinə aparıb qastroenteroloqa yönəldəcək. İlkin müayinənin məqsədi digər həyat üçün təhlükəli xəstəlikləri – şişi, iltihab prosesini, törəmələri, infeksion xəstəlikləri istisna etməkdir.

Həkimin qəbulunda bütün xəstəlik tarixini təqdim etmək, simptomların olması və tezliyi barədə danışmaq, xroniki xəstəliklərinizin olub-olmaması barədə məlumat vermək lazımdır. Müayinə və palpasiyadan (əllə yoxlamaq) sonra mütəxəssis laborator müayinələr təyin edəcək:

Qanın ümümi analizi. Bu müayinə orqanizmdə iltihabi prosesin, habelə qan azlığının olub-olmamasını müəyyən edir.

Sidiyin ümumi analizi. Bu müayinə zamanı sidikdə qanın və parazitlərin olub-olmaması müəyyən edilir ki, bununla da digər bağırsaq xəstəlikləri istisna edilir.

Qanın seliakiyaya görə analizi. Bu spesifik qan analizi qəbul edilən qidanın bağırsaqda həzminin pozulması nəticəsində diareya ilə müşayiət olunan həzm sistemi xəstəliyini (seliakiya) istisna etmək üçündür.

Kolonoskopiya. Bu yoğun bağırsağın içəridən xüsusi cihazla (kolonoskop) yoxlanılmasıdır.

Kiçik çanaq və qarın nahiyəsinin maqnit-rezonans tomoqrafiyası (MRT). Bu qeyri invaziv müayinə metodu maqnit dalğaları vasitəsilə kiçik çanaq orqanlarının quruluşu və vəziyyətini qiymətləndirmək üçündür.  

Bütün müayinələr başa çatdıqdan və bağırsağın digər xəstəliklərini istisna etdikdən sonra həkim xəstəliyin xüsusiyyətinə, gedişinə, stadiyasına əsasən kompleks müalicə təyin edir.

Qıcıqlanmış bağırsaq sindromunun müalicəsi

QBS-nun müalicəsi kompleks şəkildə bir necə etapda aparılmalıdır. Müalicə sxemi orqanizmin individual xüsusiyyətlərindən, patologiyanın dərəcəsi və stadiyasından asılıdır. Əksər hallarda xüsusi pəhriz fonunda medikamentoz (dərman) müalicə təyin edilir. Kompleks müalicə olmadıqda, simptomlar yenidən vaxtaşırı təzahür edəcək.

QBS zamanı həkimin təyin etdiyi terapiya yalnız simptomları aradan qaldırmır, habelə həzm sisteminin vəziyyətini yaxşılaşdırır, residiv və fəsadlaşmanın qarşısını alır. İshalla müşayiət olunan QBS zamanı mikrobəleyhinə dərmanlardan istifadə olunur. Onlar bağırsağın qıcıqlanmasının qarşısını alır, artmış köpü aradan qaldırır, bağırsağın normal fəaliyyətini bərpa edir.

Qəbizliklə müşayiət olunan QBS zamanı təbii mənşəli dərman vasitələri tətbiq edilir ki, bunlar da defekasiyanı asanlaşdırır, bağırsağın iltihablaşmış toxumalarına xəfif təsir göstərərək, onları nəcis kütlələrindən azad edir. Bunlar çeynənilən həblər və rektal şamlar ola bilər.

QBS nevroloji pozğunluqlarla müşayiət olunursa, antidepressant vasitələr təyin edilir. Bu vasitələr sinir sisteminin işini normallaşdırır, psixoemosional vəziyyəti yaxşılaşdırır.

Ağrının qarşısını almaq üçün ağrıkəsici və spazmolitik vasitələr tətbiq edilir. Bunlar hipertonusda olan əzələ liflərini və toxumaları boşaldır.

Qıcıqlanmış bağırsaq sindromu zamanı pəhriz və fiziki aktivlik

QBS zamanı pəhriz xəstəliyin təzahür növündən asılıdır. Tez-tez qəbizlik olursa, qida rasionundan quru, duzlu yeməkləri çıxarmaq lazımdır. İshal olduqda isə sulu xörəklər, tərəvəz, meyvə istisna edilir.

Meteorizm (köp) narahat edirsə, süd məhsulları, qoz və paxlalıları istisna etmək lazımdır. Bağırsaqda şiddətli ağrılar zamanı yağlı, duzlu, ağır yeməklər yeyilməməlidir.

Fiziki aktivlik. Sinir sisteminin funksional vəziyyəti mülayim fiziki məşqlərdən asılıdır. Açıq havada gəzinti, yoqa məşqləri, üzgüçülük və s. yaxşı əhval-ruhiyyənin yaradılmasına çox kömək edir. Vacib şərtlərdən biri də zərərli vərdişlərdən (alkoqol, tütün) əl çəkməkdir.


Hələ çox da uzaq olmayan keçmişdə beynəlxalq həkim cəmiyyəti QBS-nu sağalmaz xəstəlik hesab edirdi. Bu patologiya həyat keyfiyyətini o qədər aşağı salır ki, hətta suisidal xəyalların tezliyini artırır. 

Bu gün, tam əminliklə demək olar ki, xəstəlik birbaşa MBS-nin selikli qişasının mikrozədələnmələri ilə əlaqədardır. Buna qarşı adekvat müasir diaqnostika və müalicə metodları vardır. Bu da gələcəyə optimizmlə baxmağa imkan verir. 


Tez-tez verilən suallar

Xalq təbabəti vasitələri ilə necə müalicə etmək olar?

Təbii spazm əleyhinə bitkilər özlərini olduqca təsirli vasitələr kimi göstərmişlər. Bunlar nanə yağı, aloe vera şirəsi, qidaya əlavə edilən zərdəçal (kurkuma) və zəncəfildir (imbir). Bundan əlavə, bir çoxları sakitləşdirici təsiri olan bitki çaylarından faydalanır.

Xəstəlik nə qədər davam edir?

Müalicə müddəti bir çox amillərdən asılıdır, lakin hər halda, müalicə prosesi sürətli olmayacaq və bir neçə ay çəkəcəkdir. Adekvat terapiya və klinik tövsiyələrə riayət edildikdə, qıcıqlanmış bağırsaq sindromu tamamilə müalicə olunur.

QBS-in inkişafının qarşısını necə almaq olar?

Qıcıqlanmış bağırsaq sindromunun qarşısının alınması pəhriz və həyat tərzinin normallaşdırılmasıdır. Həddindən artıq yeməkdən qaçınmaq, balanslaşdırılmış menyuya riayət etmək, çox yağlı və ədviyyatlı yeməklərdən, karbohidratlı qidalardan uzaq durmaq lazımdır. Orta fiziki fəaliyyət, müsbət emosional əhval-ruhiyyənin saxlanması, stress səviyyəsinin azaldılması da sağlamlığın normallaşmasına kömək edəcək.





No comments:

Post a Comment

Şərhlərinizi bura yaza bilərsiniz.