TROMBOFLEBİT


T
romboflebit termini iki sözdən: «tromboz», - qanın damar daxilində laxtalanması nəticəsində bərkimiş kütləyə çevrilməsi, - və «flebit», - vena damarının divarının iltihabı, - sözlərindən ibarət olub, başlıca olaraq, aşağı ətraf venalarının trombozu və iltihabı ilə müşayiət olunan damar xəstəliyidir. Bu zaman dəri qızarmış, topuqlar şişkin olur. Yüksək hərarət və aşağı ətraflarda qıcolmalar müşahidə oluna bilər. Ən böyük təhlükə isə qan laxtasının (trombun) bir parçasının damar divarından qoparaq qanın axını ilə «səyahətidir». Tromb bir sıra həyat üçün vacib orqanların - ürək, ağ ciyər, baş beyinin damarlarını tuta bilər, bu isə həyat üçün olduqca təhlükəlidir.

Tromboflebit, əsasən, venaların varikoz genəlməsinin (bax: venaların varikoz genəlməsi), bədən çəkisinin hədsiz artmasının, qanın durğunluğunun, travma və ya infeksiyanın nəticəsi ola bilər. Bəzən o, cərrahi müdaxilənin, hamiləliyin ağırlaşması ilə və yaxud ürək çatışmazlığı halları ilə əlaqədar əmələ gələ bilər. Bəzi qadınlarda tromboflebitin inkişafı hündürdaban, darısqal uzunboğaz çəkmələrin geyilməsi ilə  bilavasitə əlaqədardır.

Qanın laxtalanmasının qarşısını almaq üçün, adətən, həkim tərəfindən antikoaqulyantlar təyin edilir. Ağrını, şişkinliyi azaltmaq məqsədilə isti kompreslərdən, elastik corablardan və yaxud sarğılardan istifadə edilir.
Ayağınızın hər hansı bir yerində ağrı, qızartı və yaxud şişkinlik hiss etdiyiniz anda dərhal həkimə müraciət edin. Erkən diaqnoz müalicənin müvəffəqiyyətlə nəticələnməsini təmin edə bilər.
Müxtəlif cərrahi əməliyyatlardan, hamiləlikdən sonra bacardıqca erkən ayağa qalxın, tromboflebitin əmələ gəlmə ehtimalını xeyli dərəcədə azaltmış olarsınız. Yox, əgər beş gündən artıq yataqda qalmaq məcburiyyətindəsinizsə, çarpayının ayaq hissəsinin səthindən istifadə edərək, üfüqü vəziyyətdə, gündə 1000 dəfədən az olmayaraq addım atın. Dərindən tənəffüs etməyi öyrənin. Bundan başqa vaxtaşırı çarpayıda vəziyyətini dəyişmək, müxtəlif böyrü üstə çevrilmək, ayaqları qaldırıb endirmək çox faydalı ola bilər.




No comments:

Post a Comment

Şərhlərinizi bura yaza bilərsiniz.