SAÇLARIN TÖKÜLMƏSİ (ALOPESİYA)

Alopesiya - saçların diffuz (yayılmış) və yaxud məhdud sahədə tökülməsidir.
Anadangəlmə, yuvacıqlı, vaxtından qabaq simptomatik alopesiyalar ayırd edilir.

Anadangəlmə alopesiya - anadangəlmə saçın olmaması və ya seyrək olmasıdır. Bəzən bu, dırnaqların, dişlərin və dərinin dəyişiklikləri ilə də müşayiət olunur. Nadir hallarda müşahidə edilir və ailəvi xarakter daşıya bilər.

Yuvacıqlı alopesiya dərinin məhdud nahiyələrində, çox vaxt başın tüklü hissəsində, saqqal, bığ yerlərində, nadir hallarda qaşlarda, kirpiklərdə və qoltuqaltı nahiyədə tükün tam tökülməsidir. Yuvacıqlı alopesiya cavan və orta yaşlı adamlarda müşahidə edilir. Bu, keçirilmiş infeksion xəstəliklə, endokrin və sinir-psixiki pozğunluqlarla, rentgen şüalanmasının təsiri ilə əlaqədar ola bilər. Keçəlləşmiş nahiyələr dairəvi və oval formalı, müxtəlif ölçülü və sayı 1-dən 3-5-ədək olur. Bu nahiyələrdə dəri parlaq və hamar olur. Xəstəlik 2 aydan 1,5-2 ilədək və daha artıq davam edə bilər.

Vaxtından qabaq alopesiya kişilərin, bir qayda olaraq, cavan və orta yaşlarda, çox zaman seboreya və saçların inkişafının irsi xüsusiyyətləri fonunda, saçlarının tökülməsidir. Saçların tökülməsi, adətən, alın nahiyəsindən və yaxud təpədən başlayır, tədricən artır. Müəyyən vaxtdan sonra (çox vaxt bir neçə ildən sonra) saçlar tam tökülür və yaxud saç yalnız başın kənarlarında və arxasında qalır. Keçəlləşmiş yerlərdə dəri parıldayır və nazilir.

Simptomatik alopesiya - müxtəlif patoloji proseslərlə, məsələn, sifilis, qırmızı dəmrov, dəri vərəmi və habelə tüklərin göbələk xəstəlikləri ilə əlaqədar saçların tökülməsidir və əsas xəstəliyin gedişindən asılı olaraq müvəqqəti və yaxud daimi xarakter daşıya bilər.

Alopesiyanın bütün formalarında müalicə həkim tərəfindən təyin edilir.


Yuvacıqlı alopesiyalar zamanı kortikosteroidlər, mikrosirkulyasiyanı yaxşılaşdıran preparatlar (məsələn, komplamin və s.), damar genəldici vasitələr (no-şpa, nikoşpan), B qrupu vitaminləri, sedativ vasitələr və s. təyin edilir. Xarici olaraq kortikosteroid məlhəmlər (prednizolon, oksikort məlhəmi) və habelə fotosensibilizə edici preparatlarla (məsələn, psoralenlə) ultrabənövşəyi şüalanma, boyunun simpatik düyünlərinə reflektor fizioterapiya təyin edilir.

Vaxtından qabaq alopesiyalar zamanı başın tüklü hissəsinə qıcıqlandırıcı vasitələr, məsələn, salisil turşusunun spirtdə məhlulu sürtülür, massaj, ultrabənövşəyi şüalanma aparılır, A və B1 vitamini təyin edilir.
Simptomatik alopesiyaların müalicəsi əsas xəstəliyin aradan qaldırılmasına yönəldilir.

Saçların tökülməsinin qarşısını almaq üçün bir çox xalq təbabəti vasitələrindən istifadə edilir.
Tük soğanağını möhkəmləndirmək üçün, habelə kəpək əmələ gəldikdə və dərinin quruluğu zamanı başın dərisinə gənəgərçək və ya ayıpəncəsi (repeynoye) yağı sürtmək və yaxud yatmazdan qabaq təzə kəsilmiş soğan sürtərək xınalı sabunla yumaq məsləhət görülür. Həftədə 2-3 dəfə başı gicitkən və dəvədabanı dəmləməsi ilə (hər otdan 3 xörək qaşığı 1 litr qaynar suda dəmləyərək 1 saat saxladıqdan sonra süzməli) yaxalamaq yaxşı effekt verir. Bu zaman saçları dəsmalsız (eləcə də fensiz) qurutmaq lazımdır.
Saçların tökülməsinə qarşı aşağıdakı vasitələr məsləhətdir:
  • kalendula gülü-10 q, adi mayaotu qozası-15 q, pıtraq kökü 20 q. Qarışığın üzərinə 1 litr qaynar su alaraq 15-20 dəqiqə qaynatmaq, 15 dəqiqə saxlayıb süzmək lazımdır. Həftədə 2 dəfə başı bu həlimlə (isidilmiş halda) yaxalamaq məsləhətdir;
  • 1 xörək qaşığı mayaotu qozası, 1 çay qaşığı kalendula gülü 1 litr qaynar suda qaynadılır və alınmış həlimlə başı həftədə 2 dəfə yaxalamaq məsləhətdir.
Qida ilə çaytikanı meyvəsi yemək, onun cavan budaqlarından həlim düzəldərək vaxtaşırı başa sürtmək faydalıdır. Başın dərisinə konyak və ayıpəncəsi kökünün həlimi qatılmış soğan şirəsi də sürtmək olar (1 hissə konyak, 4 hissə soğan şirəsi və 6 hissə ayıpəncəsi kökünün həlimi).





No comments:

Post a Comment

Şərhlərinizi bura yaza bilərsiniz.