QASTRİT


Qastrit – mədə xəstəliyi olaraq, onun selikli qişasının iltihabı ilə xarakterizə olunur. Kəskin və xroniki qastrit ayırd edilir.

Kəskin qastrit, əsasən, ekzogen (ətraf mühit amilləri) – kimyəvi, mexaniki, termik, bakterial faktorların təsiri nəticəsində, qidalanmanın kobud şəkildə pozulması (tünd alkohollu içkilərin və onların surroqatlarının həddən artıq qəbulu), bəzi qida maddələrinin, dərman vasitələrinin orqanizm tərəfindən mənimsənilməməsi və s. hallarda inkişaf edir.
Klinik təzahürü: mədədə köpün əmələ gəlməsi, epiqastral nahiyədə (döş sümüyünün aşağı hissəsində) ağrı, ürəkbulanma, qusma, bəzən ishal, ümumi zəiflik, başgicəllənmə, ağır hallarda – kollaps (bayılma). Dilin üstü quru, üzəri boz ərplə örtülmüş olur. Nəbz tezləşmiş, arterial təzyiq bir qədər aşağı olur. Bədən hərarəti yüksələ bilər. Xəstəlik, vaxtında başlanmış müalicə nəticəsində 1-4 gün davam edir.

Xəstəliyin müalicəsi, adətən, mədənin 2%-li natrium hidrokarbonatla (1 xörək qaşığı 1 litr suya) və qələvi mineral sularla (Borjomi, Yessentuki №20) yuyulmasından və təmizləyici imalədən başlayır. Həkim müayinəsindən sonra, infeksion faktor varsa, antibakterial preparatlar, adsorbsiya edici vasitələr (aktivləşdirilmiş kömür və s.), ağrıkəsicilər və s. təyin edilir.
Qabarıq simptomatika zamanı 1-2 gün qida qəbulundan imtina etmək lazımdır. Kəskin stadiya ötdükdən sonra bir müddət yağsız bulyonlar, suplar, kisel, manna sıyığı yemək məsləhətdir.

Xroniki qastrit - çox yayılmış xəstəlik olaraq, həm birbaşa müstəqil surətdə inkişaf edə bilər, həm də kəskin qastritin tam müalicə olunmadığı hallarda və ya digər xəstəliklərin yanaşı xəstəliyi kimi təzahür edə bilər.
Xroniki qastritin səbəblərindən qida rejiminin və xarakterinin uzunmüddətli, sistematik pozulmasını (tələsik, tam çeynənilməmiş qidanın qəbulu, quru yeməklər, ədviyyatın artıq qəbulu və s.), tünd alkohollu içkilərin və onların surroqatlarının qəbulunu, papiros çəkməyi, və ya peşə faktorlarının təsirini, dərman vasitələrinin (xüsusilə, analgetiklərin) kontrolsuz qəbulunu, həzm orqanlarında xroniki infeksiyanın olmasını (xroniki xolesistit, enterokolit və s.), maddələr mübadiləsinin pozulmasını, məsələn, şəkərli diabetdə, podaqrada, habelə allergik xəstəliklər zamanı, ağ ciyərlərin, ürəyin, böyrəklərin, qanın xroniki xəstəlikləri zamanı və s. göstərmək olar.

Zərərli amillərin təsirindən mədənin sekretor (şirə ifraz etmə) və motor (yığılıb-açılma) funksiyaları pozulur və bu da onun selikli qişasında iltihabi, distrofik dəyişikliklərə, regenerasiya (bərpa) qabiliyyətinin pozulmasına səbəb olur.
Sekretor pozğunluqların dərəcəsinə görə normal və ya artmış sekresiyalı xroniki qastrit və sekretor çatışmazlıqlı xroniki qastrit ayırd edilir.

Normal və  artmış sekresiyalı xroniki qastrit, əsasən, cavan yaşlı adamlarda müşahidə olunur. Xəstələri qıcqırma, turşulu gəyirmə, hərdən qusma, qarının yuxarı nahiyəsində təzyiq, yanğı hissi, ağrı narahat edir. Tez-tez gecə və aclıq ağrıları müşahidə olunur. Xəstəliyin kəskinləşməsinə səbəb qidada pozğunluqlar və spirtli içki qəbulu ola bilər.

Sekretor çatışmazlıqlı xroniki qastrit, əsasən, yetgin və yaşlı adamlarda təsadüf edir. Xəstələri ağızda xoşagəlməz dadın olması, ürəkbulanma, artıq tüpürcək ifrazı, qarında köp hissi narahat edir. Xəstələrdə ishala meyillilik olur. Qarın nahiyəsində ağrılar çox da kəskin olmur. Xəstələrdə arıqlama müşahidə olunur.

Müalicə kompleks şəkildə ambulator, ağır hallarda stasionar şəraitində aparılır. Vacib şərtlərdən biri müalicəvi qidalanmadır. Kəskinləşmə periodunda, sekretor dəyişikliklərdən asılı olmayaraq, mədənin maksimal qorunması prinsipi gözlənilir: qida qəbulu gündə 5-6 dəfə, qida nə çox soyuq, nə də çox isti, həm də yaxşı bişmiş və xırdalanmış olmalıdır. Rasiondan selikli qişanı qıcıqlandıran, şirə ifrazını artıra bilən qidalar çıxarılmalıdır. Kəskinləşmənin tədricən söndüyü hallarda, sekretor pozğunluqların xarakterindən asılı olaraq, həkimin məsləhəti ilə müvafiq pəhriz gözlənilməlidir.
Dərman terapiyası həkimin təyinatı və nəzarəti altında aparılır və xəstəliyin gedişindən asılı olaraq müəyyənləşdirilir. Sinir sisteminin gərginləşməsi simptomları olduğu hallarda (həyəcan, qıcıqlanma) sedativ vasitələrdən və trankvilizatorlardan; ağrı olduqda - spazmolitiklərdən (papaverin hidroxlorid, no-şpa və s.); selikli qişada bərpa (regenerasiya) prosesini sürətləndirmək üçün - pentoksil, metilurasil; sekretor çatışmazlıq zamanı - betasid, təbii mədə şirəsi, pepsin, abomin, panzinorm və s. tətbiq edilir.

Remissiya (sakitləşmə, səngimə) dövründə sanator-kurort müalicəsi məsləhətdir (Yessentuki, Borjomi, Pyatiqorsk, Druskininkay, Truskavets, Karlovı-Varı və s.). Ümumiyyətlə, mineral sulardan rasional istifadə etmək lazımdır. Sekretor çatışmazlıq zamanı xloridli və xlorid-hidrokarbonatlı sulardan (Yessentuki, Pyatiqorsk və s.) yeməkdən 15-20 dəq. qabaq, normal və ya artmış sekresiyalı qastritlər zamanı isə bikarbonatlı sulardan (Borjomi, Jeleznovodsk və s.) yeməkdən 1 saat qabaq istifadə etmək məsləhətdir.

Xalq təbabəti xroniki qastrit zamanı qıtıqotunun kökünü və təzə kələm şirəsini (sekretor çatışmazlıq olduqda), acı yovşan otunun, dəvədabanı yarpağının, adi mayaotu qozasının dəmləmələrini məsləhət görür.
Çiy kartofun şirəsi qıcqırmanın, ürəkbulanmanın, qusmanın qarşısını alır, qarın ağrısını kəsir:
  • 2-3 kartof təmiz yuyularaq, qurudulur və qabıqlı-qabıqlı sürtgəcdən keçirilir. Yaxşıca sıxaraq şirəsi çıxarılır. Şirəni növbəti qəbula saxlamaq olmaz;
  • ürəkbulanma zamanı naringi qabığının spirtdə tinkturası və nanə yarpağının dəmləməsi effektlidir;
  • universal mədə vasitəsi - itburnu toxumunun dəmləməsidir.
Əvəzolunmaz vasitə - adi air (bataqlıq zambağı) kökünün dəmləməsidir:
  • xırdalanmış air kökünün üzərinə qaynadılmış qaynar su (1:10) əlavə edilərək 15 dəq. dəmlənir. Yeməkdən qabaq 2 xörək qaşığı gündə 3-4 dəfə qəbul edilir.
Buyurun, izləyin:





No comments:

Post a Comment

Şərhlərinizi bura yaza bilərsiniz.