Mərkəzi tipli təngnəfəslik tənəffüsü tənzimləyən sinir mərkəzlərində dəyişikliklərlə əlaqədardır və çox
vaxt nevrozlu (xüsusən, isterik tipli, bax: nevrozlar)
xəstələrdə müşahidə olunur. Bu zaman tənəffüsün tezliyi 1 dəqiqədə 50-70 ola bilər
və tənəffüs səthi xarakter daşıyır.
Belə hallarda, ilk növbədə xəstəni sakitləşdirmək, onun fikrini
yayındırmaq, tənəffüsünü bir qədər saxlayıb dərindən və aramla nəfəs almasına çalışmaq
lazımdır. Eyni zamanda xəstəyə sakitləşdirici vasitələr, məsələn pişikotu (valeriana)
tinkturası (1 çay qaşığı 30 ml suda) vermək məsləhətdir.
Torako-diafraqmal təngnəfəslik diafraqmanın və ya döş qəfəsinin hərəkiliyinin qabarıq dərəcədə
pozulması (meteorizm, kifoz, skolioz, döş qəfəsində ağrı, travma və s.) və yaxud
plevra (ağ ciyərləri və döş qəfəsini içəridən örtən pərdə) boşluğunda çoxlu miqdarda
mayenin yığılması nəticəsində (məsələn, hidrotoraks zamanı) əmələ gəlir.
Müalicəsi təngnəfəsliyi törədən əsas səbəbin aradan qaldırılmasından
ibarətdir.
Ağ ciyər təngnəfəsliyi ağ ciyərlərin, bronxların müxtəlif xəstəlikləri zamanı müşahidə edilir. Təngnəfəslik
bilavasitə ağ ciyərlərin səthinin kiçilməsi, ağ ciyər toxumasının elastikliyinin,
yığılıb-açılma qabiliyyətinin (restriksiya) itirilməsi ilə (məsələn, pnevmoskleroz,
ağ ciyərlərin fibrozu zamanı) əlaqədar ola bilər. Buna restriktiv təngnəfəslik deyilir
və bu tip təngnəfəsliyə nəfəs almanın çətinləşməsi (inspirator təngnəfəslik) və
qısa nəfəs vermə xasdır.
Alveollarda qazların diffuziyasının pozulması kəskin təngnəfəsliklə
müşayiət olunur. Belə xəstələrdə dərinin və selikli qişaların qaralması («qara»
sianoz) müşahidə olunur. Təngnəfəslik və sianoz kiçicik fiziki gərginlikdən sonra
artır.
Təngnəfəslik bronxların ötürücülük qabiliyyətinin (havanı
ötürməsi) pozulması zamanı əsas simptomlardan biridir. Bronxların ötürücülüyü, onların
spazmı (yığılması, daralması), selikli qişasının şişkinliyi (ödemi) və yaxud bəlğəmlə tutulması nəticəsində
pozula bilər. Buna obstruktiv təngnəfəslik deyilir və bu tip təngnəfəsliyə nəfəs
vermənin uzanması və çətinləşməsi (ekspirator təngnəfəslik), nəfəs vermə zamanı
boyun venalarının şişməsi xasdır (bronxial astma, astmatik bronxit). Tənəffüs zamanı,
hətta kənardan belə, xırıltılar eşidilir.
Müalicəsi bronxgenəldici (efedrin hidroxlorid, belladonna,
teofedrin, eufillin və s.), bəlğəmin çətin gəlməsi zamanı bəlğəmgətirici (bax: astma, bronxit) vasitələrin tətbiqindən ibarətdir.
Unutmayın ki, dərman vasitələrinin və onların dozalarının həkim tərəfindən individual olaraq seçilməsi vacibdir!!!
Ürək təngnəfəsliyi ürəyin qanı qovma qabiliyyətinin
zəifləməsi, və yaxud qanın ağ ciyərlərdə durğunluğu ilə, əksər hallarda isə, hər
iki komponentin iştirakı şəraitində, ürəyin sol şöbələrinin çatışmazlığı ilə əlaqədardır.
Buna çox zaman «ürək astması» da deyilir (bax: astma). Belə xəstələrdə tənəffüsün tezliyi və dərinliyi artır, xəstələr
yataqda məcburi oturaq vəziyyət alırlar. Təngnəfəslik gecə yuxuda da ola bilər,
ancaq əksər hallarda fiziki gərginlikdən sonra əmələ gəlir. Ürək təngnəfəsliyi,
adətən, şişkinliklə (ödem), əl və ayaqların soyuması ilə müşayiət olunur. Əmələ
gəlmə mexanizminin mürəkkəbliyi ilə əlaqədar müalicəsi ürək qlikozidlərinin və sidikqovucu
vasitələrin həkimin ciddi nəzarəti altında təyin edilməsindən ibarətdir.
Hematogen təngnəfəslik qazların (oksigen və karbon qazı) qanla nəqlinin pozulması ilə əlaqədar olub,
anemiyalı xəstələrdə (xüsusən, dəmirdefisitli anemiyalarda), qanda hemoqlobinin
azalması şəraitində müşahidə edilir (bax: anemiya).
Müalicəsi əsas xəstəliyin aradan qaldırılmasına yönəldilməlidir.
Xalq təbibləri təngnəfəslikdən 50 addım belə ata bilməyən
xəstələrə və ahıl yaşlı adamlara aşağıdakı resepti məsləhət görürlər:
- 1 litr balın üzərinə 10 limonun şirəsini və ət maşınından keçirilmiş 10 baş təmizlənmiş sarımsağı əlavə edərək 1 həftə ağzı kip bağlı qabda saxlayın. Hər gün 4 çay qaşığı qəbul etmək lazımdır. Göstərilən miqdar 2 aya kifayət edər.
Təngnəfəslik zamanı dəmrovotu dəmləməsi (15 q 1 stəkan qaynar
suya) effektlidir. Gündə 3 dəfə 2 xörək qaşığı qəbul edilməlidir.
No comments:
Post a Comment
Şərhlərinizi bura yaza bilərsiniz.