Qrip - infeksion
xəstəlik olaraq, əsasən tənəffüs yollarının zədələnməsi və ümumi intoksikasiya əlamətlərinin
- üşütmə, bədən hərarətinin artması, halsızlıq, baş ağrıları, əzələ və oynaq ağrılarının
olması ilə xarakterizə olunur.
Qrip - virus mənşəli xəstəlikdir. Seroloji tipinə görə A, B və C tipli viruslar ayırd edilir.
Bu virusların ətraf mühitdə davamlılığı çox deyil. Yüksək hərarət, quru hava, günəş
şüası tez bir zamanda bu virusları məhv edir. Aşağı temperatur şəraitində davamlılıqları
bir qədər çoxdur.
Qripin yoluxma
məmbəyi xəstə adamdır, xüsusilə, xəstəliyin birinci 5 günü ərzində. Yoluxma «hava-damcı»
yolu ilə, başqa sözlə, xəstə adam tənəffüs edərkən, danışarkən, öskürərkən, asqırarkən
tüpürcək damcılarının havaya yayılması ilə baş verir. Nadir hallarda məişət əşyalarından
da (xəstənin dəsmalı, burun yaylığı, qab-qacağı) yoluxma ola bilər. Qrip zamanı
immunitet (yəni, bir dəfə xəstələndikdən sonra, həmin xəstəliyə qarşı orqanizmin
davamlılığı) A tipli qripdə 1-3 il, B tiplidə 3-6 ildir. Yenidoğulmuş uşaqlarda
anadan qısa müddətli immunitet qalır.
Xəstəliyin inkubasiya
dövrü (yəni, yoluxma ilə xəstəliyin ilk klinik əlamətlərinin təzahür etməsi arasındakı
müddət) 12 saatdan 3 günədək, çox vaxt isə 1-2 gündür.
Xəstəlik, adətən,
birdən başlayır. Xəstədə üşütmə, hərarətin 38o- 40o-yədək yüksəlməsi
müşahidə olunur. Xəstələr güclü baş ağrılarından, göz almalarında hərəkət zamanı
ağrıdan, bütün bədənində sancıdan, halsızlıqdan, zəiflikdən, burunla tənəffüsün
çətinləşməsindən, gözlərin yaşarmasından, boğazda göynəmədən, başgicəllənmədən şikayətlənirlər.
Bəzən yuxusuzluq, qusma, bayılma, sayıqlama, qıcolma da qeyd edilir. Qızdırma, ağırlaşma
yoxdursa, 2-5 gün davam edir.
2-3 gündən sonra burundan seroz-irinli maye axır. Bir çox hallarda, traxeitin və traxeobronxitin (bax: bronxit) inkişafı ilə əlaqədar, öskürək müşahidə olunur. Qrip zamanı öskürək ağrılı, quru olur, bəlğəm bir neçə gündən sonra əmələ gəlir. Daha ciddi ağırlaşmalar da, məsələn, pnevmoniya (sətəlcəm), infeksion-toksik şok, beyinin və ağ ciyərlərin ödemi, beyinə qan sızma və s. qeyd edilir. Qrip çox vaxt bəzi xroniki xəstəliklərin, o cümlədən, revmatizmin kəskinləşməsinə səbəb olur.
Qripin müalicəsi, ağır gedişli və ağırlaşma ilə gedən qrip istisna olmaqla, ev şəraitində aparılır. Qızdırma periodunda xəstələr ciddi yataq rejimi gözləməlidirlər. Xəstənin yerləşdiyi otaq isti olmalı və havası tez-tez dəyişdirilməlidir. Xəstənin üstü möhkəm basdırılmalı, lazım gəldikdə (tərlədikdə) yataq ağları və xəstənin əyni dəyişdirilməli, xəstəyə moruqla, balla, cökə çiçəyi ilə çoxlu isti çay, habelə isti süd (Borjomi və yaxud çay sodası ilə) verilməlidir. Vitaminlərlə zəngin süd-bitki pəhrizi və çoxlu maye qəbulu məsləhətdir.
Medikamentoz müalicə həkim təyinatı və nəzarəti altında aparılmalıdır. Xəstəliyin başlanğıcında insan leykositar interferonu məhlulundan (5 damcı hər burun yoluna hər 1-2 saatdan bir, 2-3 gün ərzində) istifadə olunur. Bununla yanaşı xəstəliyin başlanğıcında qabarıq müalicəvi effektə malik preparatlardan biri - remantadindir: birinci gün 2 tablet gündə 3 dəfə (300 mq); ikinci, üçüncü gün 2 tablet gündə 2 dəfə; dördüncü gün 2 tablet gündə 1 dəfə sxemi ilə qəbul edilir. Qaraciyərin, böyrəklərin xəstəliyində, tireotoksikoz (boğaz uru, zob) və hamiləlik zamanı remantadin əksgöstərişdir. Bundan başqa, burun yollarına sürtmək üçün oksolinin 0,25%-li məlhəmindən də istifadə olunur. Hərarət salıcı dərmanlar (aspirin, analgin, amidopirin və s.) ancaq yüksək hərarət olduqda qəbul edilməlidir. Lazım gəldikdə öskürəyə qarşı və bəlğəmgətirici (libeksin, bromheksin, qlauvent, mukaltin, termopsis), sakitləşdirici-sedativ (relanium, tazepam, nozepam), antihistamin (dimedrol, suprastin, diazolin) preparatlar, askorbin turşusu (C vitamini), rutin (və ya askorutin) və s. təyin edilir.
Antibakterial preparatların (sulfanilamidlər və antibiotiklərin) qəbulu, qripin ağırlaşması yoxdursa, məqsədəuyğun sayılmır. Belə ki, onların qrip virusuna bilavasitə təsiri yoxdur.
Evdə müalicə alan xəstələr ayrıca otaqda və yaxud şirma, pərdə arxasında yerləşdirilməlidirlər. Xəstəyə qulluq edərkən, tənzifdən maska gəzdirmək, xəstə olan otağın havasını tez-tez dəyişmək, vaxtaşırı otağı 0,5%-li xloramin məhlulu ilə təmizləmək, xəstənin istifadə etdiyi qab-qacaq, dəsmal, burun yaylığı və başqa əşyalar dezinfeksiya olunmalıdır.
Qripin profilaktikasında xalq təbabəti vasitələrindən soğan və sarımsaq vacib yer tutur. Onları gündə bir neçə dəfə yemək və yaxud, heç olmazsa, udmadan 2-3 dəqiqə çeynəmək lazımdır. Soğan və ya sarımsağın qoxusu ətrafdakıları «narahat» etməsin deyə, bir qədər cəfəri (petruşka) yemək kifayətdir.
Qrip epidemiyası zamanı profilaktika üçün sarımsağın tinkturasından istifadə etmək olar:
- 2-3 fal sarımsaq xırda doğranır və üzərinə 30-50 ml qaynar su əlavə edilir, 1-2 saat gözlədikdən sonra süzülür. Gündə 1-2 dəfə 2-3 damcı hər burun dəliyinə damcıladılır (tinkturanı 2 günlük hazırlamaq lazımdır).
Bundan başqa, xırda doğranmış sarımsağı tənzif torbacıqda boyundan asmaq, uşaqlar üçün isə çarpayının baş hissəsinə bağlamaq və ya yatağın kənarında nəlbəkiyə qoymaq məsləhətdir.
Profilaktik məqsədlə səhərlər evkalipt yarpağını çeynəmək, qripli xəstə ilə təmas zamanı yarpağı ağızda (damaqla yanağın arasında) saxlamaq olar. Axşamlar təzə hazırlanmış çuğundur şirəsinə 1 çay qaşığı 3%-li xörək sirkəsi məhlulu əlavə edərək boğazı yaxalamaq lazımdır.
Qrip əleyhinə çayın hazırlanma resepti:
- 1 çay qaşığı yığma bitki (ağ söyüd qabığı, çobanyastığı çiçəyi, itburnu meyvəsi - bərabər miqdarda) 1 stəkan qaynar suya əlavə edilir və 10 dəqiqə saxladıqdan sonra bitki kütləsi sıxılır. İsti-isti 1/3 stəkan gündə 3 dəfə yeməkdən 15 dəqiqə qabaq qəbul edilir.
İnfeksiyadan qaçmaq mümkün olmadığı halda:
- mümkün qədər tez-tez limonlu və moruq mürəbbəsi ilə isti çay, balla isti süd (1 stəkan südə 1 xörək qaşığı bal) içmək;
- hər bir saatdan bir burun boşluğunu, boğazı soğanla balın qarışığı (1:1) ilə, xörək duzu, soda və yodun məhlulu ilə yaxalamaq, burundan alaraq, ağızdan vermək;
- çobanyastığı dəmləməsinin buxarı ilə nəfəs almaq;
- 2-3 gün hər 2-3 saatdan bir təzə hazırlanmış aloe və ya kalanxoe şirəsindən 5 damcı buruna damızdırmaq;
- sarımsağı narın sürtgəcdən keçirərək eyni həcmdə balla qarışdıraraq yatmazdan qabaq 1 xörək qaşığı qəbul etmək, üstündən ilıq su içmək;
- 1 baş soğanı sürtgəcdən keçirərək üzərinə 0,5l təzə qaynadılmış süd əlavə etmək və yarısını isti halda axşam yatmazdan qabaq, qalanını isə səhər, onu da isti halda içmək;
- təzə hazırlanmış soğan şirəsində isladılmış pambıq tamponu 10-15 dəqiqəlik gündə 3-4 dəfə burunda yerləşdirmək;
- soğan şirəsini nəlbəkiyə tökərək 2-3 dəqiqə gündə 3 dəfə burunla nəfəs almaq və s. məsləhətdir.
No comments:
Post a Comment
Şərhlərinizi bura yaza bilərsiniz.