Arterial hipertenziya - arteriyalarda qan təzyiqinin sistemli artmasıdır. Normada 60 yaşınadək adamlarda bazu (qolun çiyindən dirsəyə qədər olan hissəsi) arteriyasında ölçülən qan təzyiqi: sistolik - 140 mm civə sütunu (c.st.) və diastolik - 90 mm c.st. həddindən artıq olmamalıdır. 60 yaşdan yuxarı adamlarda 160/95 mm c.st. həddinədək arterial təzyiq normal sayıla bilər. Bundan yüksək rəqəmlər, sözsüz olaraq, bütün yaş həddlərində arterial təzyiqin artması kimi qiymətləndirilir.
Arterial təzyiqin 140/90 və 150/95 mm c.st. hüdudunda göstəriciləri keçid zonasına aiddir: təkrar müayinə zamanı bu xəstələrin bir qismində arterial hipertenziya müəyyən edilir, digərlərində isə arterial təzyiq normal səviyyəyədək enir. Arterial təzyiqi qiymətləndirərkən, onun sağlam adamlarda, fövqəladə fiziki və emosional (mənəvi) gərginliyin təsiri altında qısa zaman çərçivəsində (dəqiqələr, saatlar) fizioloji olaraq artması ehtimalı nəzərə alınmalıdır.
Arterial təzyiqin artmasının səbəbləri çox mürəkkəb və çoxşaxəlidir və hal-hazıradək konkret xəstədə arterial təzyiqin artmasının təkan verici amilini müəyyən etmək heç də həmişə mümkün olmur. Heç şübhəsiz, arterial hipertenziyanın inkişaf mexanizmində sinir sisteminin rolu böyükdür. Məlumdur ki, müxtəlif stress, sinir gərginliyi halları, və xüsusilə də, əgər bu vəziyyət müəyyən müddət ərzində təkrarlanırsa, arterial təzyiqin artmasına gətirib çıxara bilər. Hətta, bəzən patoloji prosesə digər orqan və sistemlər də cəlb edilir (ürək qan-damar sistemi, böyrəklər və s.).
Arterial hipertenziyanın inkişafında irsiyyətin, piylənmənin, xörək duzunun artıq qəbulu, spirtli içkilərə aludəçilik və siqaret çəkmək kimi zərərli adətlərin də müəyyən rolu vardır. Bundan başqa bir sıra patoloji hallar vardır ki, məsələn, qlomerulonefrit (bax: böyrək xəstəlikləri), pielonefrit (bax: böyrək xəstəlikləri), endokrin sisteminin xəstəlikləri, damarın anadangəlmə xüsusiyyətləri və s., bu xəstəliklər zamanı arterial təzyiqin artması müşahidə olunur.
Arterial təzyiqin artması zamanı müşahidə olunan əsas simptomlardan biri baş ağrısıdır ki, çox vaxt xəstələri həkimə müraciət etməyə vadar edir. Ancaq bu simptom heç də həmişə arterial təzyiqin artmasına dəlalət etmir, bəzən isə yüksək təzyiq zamanı baş ağrısı, ümumiyyətlə, müşahidə olunmur, lakin bu, heç kimi arxayınlaşdırmamalıdır.
Arterial hipertenziyanın gedişi bir neçə etapdan ibarətdir. Xəstəliyin inkişafının ilkin stadiyalarında, adətən, arterial təzyiqin artması davamlı, sabit olmur, bir qədər istirahətdən sonra, stress vəziyyəti aradan qaldırıldıqda və s. normaya enir. Xəstəliyin tədricən inkişafı, arterial təzyiqin davamlı olaraq yüksək rəqəmlərdə qalması ilə, xəstələrdə baş ağrıları ilə yanaşı, başgicəllənmə, qulaqlarda küy, gözdə qaralma, boyunun ardında ağrı, ürəkdöyünmə və s. simptomlarla müşayiət olunur. Bu zaman arterial təzyiqin normal rəqəmlərə enməsi yalnız dərman preparatlarının köməyi ilə mümkün olur. Bu stadiyada xəstəlik dalğavari gedişlə xarakterizə olunur, kəskinləşmə periodu (kriz) yaxşılaşma periodu ilə əvəz olunur və əksinə. Krizlər (başqa sözlə, kəskinləşmə) xəstə üçün təhlükə törədə bilər, buna görə də, belə hallarda həkim nəzarəti labüddür.
Dərman preparatlarının daim qəbul edildiyi, arterial təzyiqin müntəzəm yoxlanıldığı şəraitdə, xəstələr, bir çox hallarda, çox ciddi, bəzən ölümlə nəticələnə bilən ağır fəsadların - insultun, miokard infarktının, ağ ciyər ödeminin və s. qarşısını almağa müyəssər olurlar.
Arterial hipertenziya aşkar edilmiş şəxslər mütləq müayinədən keçməli və simptomatik hipertenziya, yəni hər hansı bir xəstəliyin simptomu kimi təzahür edən arterial təzyiqin artması şübhəsi, aradan qaldırılmalıdır. Simptomatik hipertenziya zamanı əsas xəstəliyin müalicəsi arterial təzyiqin normallaşmasına gətirib çıxarır.
Arterial hipertenziyanın müalicəsi kompleks şəkildə aparılmalıdır. Xəstələr ciddi əmək və istirahət rejiminə riayət etməli, siqaret çəkməməli və spirtli içki içməməlidirlər. Onların normal yuxuya, bazar günləri və məzuniyyətdə tamdəyərli istirahətə ehtiyacı var. Xörək duzunun qəbulunun məhdudlaşdırılması (sutkada 4 qrama qədər) və vitaminlərlə zəngin pəhrizin də böyük əhəmiyyəti var. Kök adamlar heyvan mənşəli piyləri, karbohidratları (şəkər, çörək, xəmir xörəkləri), ürək çatışmazlığı olan xəstələr isə maye qəbulunu məhdudlaşdırmalıdırlar.
Medikamentoz (dərmanlarla) müalicə yalnız həkim təyinatı və nəzarəti altında, hər bir konkret halda fərdi olaraq aparılır.
Xəstəliyin ilkin stadiyalarında müasir, güclü təzyiq salıcı preparatların qəbulu məqsədəuyğun sayılmır. Lazımi rejim yaratmaqla, sakitləşdirici (pişikotu - valeriana, damotu - pustırnik) və damargenəldici (papaverin, dibazol, eufillin, no-şpa, nikoşpan və s.) preparatların köməyi ilə arterial təzyiqi salmaq mümkündür.
Qeyd etmək lazımdır ki, arterial hipertenziyanın orta və ağır formalarında həkimin təyin etdiyi müalicəni, adətən, uzun müddət, çox vaxt isə daimi aparmaq lazım gəlir. Bu zaman arterial təzyiqi nə yolla olursa, olsun normaya endirməyə çalışmaq lazım deyil. Belə ki, orta və ağır formalı arterial hipertenziya zamanı xəstənin orqanizmi arterial təzyiqin yüksək səviyyəsinə uyğunlaşır. Onun nəzərə çarpacaq dərəcədə aşağı endirilməsi, beyinin, ürəyin və böyrəklərin qanla təchizatını poza bilər. Ona görə də, müalicənin effektliliyini qiymətləndirərkən, arterial təzyiqin elə səviyyəsi tapılmalıdır ki, bu zaman xəstə özünü yaxşı hiss etsin.
Arterial hipertenziyalarda quşüzümü (klyukva), alma yemək lazımdır. Limon, qreypfrut, soğan, balqabaqdan hazırlanmış müxtəlif xörəklər (xüsusilə, balqabaqla hazırlanmış buğda, düyü və yaxud manna sıyıqları), çuğundur salatı, digər tərəvəz şirələri ilə, balla qarışdırılmış çuğundur şirəsi faydalıdır:
- hər biri 1 stəkan: çuğundur, yerkökü və qara turp şirəsi, 1 limonun şirəsi, 1 stəkan bal qapaqlı şüşə qaba tökülərək, yaxşıca qarışdırılır. Gündə 3 dəfə 1 xörək qaşığı yeməkdən qabaq (və yaxud yeməkdən 3 saat sonra) 1,5-2 ay müddətində qəbul edilir. Qarışıq soyuducuda saxlanılmalıdır.
Əla vasitələrdən
biri də qozdur. Onu balla və yaxud onsuz 15-20 gün müddətində, gündə 100 q yemək
lazımdır.
Hipertenziyalı
xəstələrə soforin, südlə sarımsaq məsləhət görülür:
- 1 stəkan süddə 2 baş sarımsağı yumşalanadək qaynatmalı və tənzifdən süzməli. 1 xörək qaşığı gündə 3 dəfə ilıq vəziyyətdə yeməkdən sonra 10-15 gün müddətində qəbul etməli (hər gün yenisini hazırlamaq şərtilə).
Qara giləmeyvəli
quşarmudu (ryabina) çox faydalıdır. Adətən, 100 q meyvəsini və ya 50 ml şirəsini gündə
3 dəfə yeməkdən qabaq qəbul edirlər. Lakin bunun həddən çox qəbulu məsləhət görülmür.
Müalicə kursu 2-3 həftə təşkil etməlidir. Kurs bitdikdən sonra 2-3 ay fasilə verilməlidir.
İtburnu meyvəsinin
dəmləməsini isə çay əvəzinə içmək məqsədəuyğundur.
Hipertenziyalı
xəstələrdə maddələr mübadiləsinə səmərəli təsirə malik təbii vasitələrdən aşağıdakıları
göstərmək olar:
- 2 hissə moruq meyvəsi, 2 hissə qaraqınıqotu (duşitsa), 2 hissə cökə çiçəyi, 2 hissə dəvədabanı (mat-maçexa) yarpağı, 2 hissə bağayarpağı otu, 1 hissə tozağacı (beryoza) yarpağı, 3 hissə çöl qatırquyruğu (xvoş) zoğu, 3 hissə şüyüd otu və toxumu, 3 hissə itburnu meyvəsi 0,5 litr suda dəmlənir. Gündə 3 dəfə 150 ml yeməkdən 10-15 dəq. qabaq;
- 2 çay qaşığı alma sirkəsi 1 stəkan suya;
- bal - hər yemək yeyəndə 1 çay qaşığı (bal qanda artıq mayeni özünə çəkərək, qan təzyiqini salır);
- nar şirəsi (əgər qəbizlik vermirsə);
- 40 qərənfil gülünü 0,8 litr suda zəif odda qaynadaraq suyun həcmini 0,5 litr çatdırmalı. Şüşə qabda saxlamalı. Gündə 3 dəfə 1 xörək qaşığı (səhər - ac qarına və 2 dəfə - nahardan və şam yeməyindən qabaq);
- odda bişirilmiş soyulmamış kartof;
- çuğundur şirəsi, balla (1:1), 1 xörək qaşığı gündə 4-5 dəfə.
Habelə sizə faydalı linklər:
Diaqnozunuzu daxil edin, sizə uyğun sanatoriyanı seçin...
No comments:
Post a Comment
Şərhlərinizi bura yaza bilərsiniz.