Öskürək - mürəkkəb reflektor qoruyucu akt olaraq, tənəffüs
yollarının yad cisimlərdən və yaxud bəlğəmdən təmizlənməsinə yönəldilmişdir.
Öskürəyin müxtəlif xəstəliklərdə özünün spesifik xüsusiyyəti
var. Quru, bəlğəmsiz və yaş, bəlğəmin gəlməsi ilə müşayiət olunan öskürək ayırd
edilir.
Quru öskürək, əsasən, xroniki laringit (qırtlağın iltihabı),
qırtlağın stenozu (daralması), yuxarı tənəffüs yollarının və bronxların şişi zamanı
müşahidə olunur.
Bəlğəmli öskürək kəskin və xroniki bronxitlər, pnevmoniya
(ağ ciyərlərin iltihabı), bronxial astma, bronxoektaziya xəstəliyi və s. zamanı
müşahidə olunur.
Bundan başqa yüksəkdən (səsli, küylü) öskürək və sakit, səssiz
öskürək ayırd edilir. Yüksəkdən öskürək (bəzən buna «hürən» öskürək də deyirlər)
laringit - qırtlağın iltihabı, traxeit, göyöskürək, isteriya zamanı müşahidə olunur.
Sakit öskürək (sanki xəstə köks ötürür) ağ ciyərlərin emfizeması, xroniki bronxiti,
ağ ciyərlərin vərəmi, pnevmoniyası, plevriti olan xəstələrdə olur.
Öskürək davamiyyətinə görə daimi və periodik ola bilər. Daimi
öskürək az-az təsadüf edilir və əsasən qırtlağın, bronxların iltihabı zamanı, ağ
ciyər vərəminin bəzi formalarında müşahidə olunur.
Öskürək tək-tək, epizodik olaraq və yaxud bir-birinin ardınca,
bəzən güclü, davamiyyətli tutmalar şəklində biruzə verə bilər. Özünəməxsus xüsusiyyətilə
fərqlənən coşqun, konvulsiv, bir-birini üstələyən öskürək tutmaları çox zaman qusma
ilə nəticələnir. Belə öskürək, əsas etibarı ilə, göyöskürəyə xasdır.
Müalicə əsas xəstəliyin aradan qaldırılmasına yönəldilir.
Quru, əzabverici öskürək zamanı, xüsusilə gecələr, yuxunun pozulmaması üçün, öskürək
əleyhinə vasitələr qəbul edilir. Yayındırıcı vasitə kimi xardaldan, bankadan, döşün
üzərinə isidici kompresdən, ayaq üçün xardallı vannalardan istifadə olunur. Yaş,
bəlğəmli öskürək zamanı öskürək əleyhinə preparatlar məsləhət deyil. Bu zaman bəlğəmgətirici
preparatlar, qələvi inhalyasiyalar (buxarı ilə nəfəs almaq) faydalıdır.
Öskürəyə qarşı xalq təbabəti vasitələrindən ən geniş istifadə
olunan - şam tumurcuqlarının həlimi, nanə və kəklikotu dəmləmələridir. Şiddətli
öskürək zamanı qaynadılmış və bişirilmiş armud, qovunun içi, balla və yaxud şəkərlə
qarağat, başınağacı (kalina) şirəsi, buğda kəpəyinin, çovdar çörəyinin həlimi faydalıdır.
Şəkərlə kələm şirəsi, narıngi qabığının spirtdə tinkturası, çöl bənovşəsinin dəmləməsi,
alma həlimi, cökə çiçəyi öskürəyi yaxşı yumşaldır.
Limondan hazırlanmış sirop həm uşaqlar, həm də böyüklər üçün
öskürəyə qarşı çox effektlidir, amma o, bağırsaq pozğunluğu yarada bilər (bu bir
çox öskürək əleyhinə vasitələrə xasdır):
- 1 limonu qabığı ilə birlikdə 10 dəqiqə yumşalanadək zəif odda saxlayaraq stəkana sıxmaq, üzərinə 2 xörək qaşığı qliserin əlavə edib yaxşıca qarışdırmaq və stəkan dolanadək bal əlavə etmək lazımdır. Qarışığın dozası orqanizmin vəziyyətindən asılı olaraq tənzimlənir. Az-az öskürək zamanı gündə 1 çay qaşığı, gecələr narahat edən öskürək zamanı yatmazdan qabaq 1 çay qaşığı qəbul edilir (istifadə etməzdən qabaq qarışığı yaxşıca çalxalamaq lazımdır).
Qara turpun şirəsinin də çox köməyi var:
- bir neçə turp nazik-nazik doğranır və üzərinə şəkər tozu əlavə edilərək qazanda yerləşdirilir. 10-13 saatdan sonra şirə əmələ gəlir. 1 xörək qaşığı hər bir saatdan bir qəbul edilir;
- turp sürtgəcdən keçirilərək şirəsi süzülür və 0,5 litr şirəyə 200 q bal əlavə edilərək yaxşıca qarışdırılır. 2 çay qaşığı yeməkdən qabaq gecəyə doğru qəbul edilir.
Qıtığotu (xren) ilə balın qarışığı, hətta digər vasitələr
kömək etmədikdə belə, öskürəyi kəsir:
- təzə sürtgəcdən keçirilmiş qıtığotu ilə bal, bərabər həcmdə qarışdırılır. 1 çay qaşığı gündə 2 dəfə qəbul edilir.
Çin xalq təbibləri öskürək zamanı sakitləşdirici kimi ərik
toxumunu məsləhət görürlər.
Aşağıda daha bir neçə sadə hazırlana bilən vasitələr göstərilmişdir:
- çovdar, yülaf və arpa dənəsinin üzərinə kasnı (sikori) və 2 xörək qaşığı təmizlənmiş acı badam əlavə edilərək adi kofe kimi dəmləmək lazımdır;
- 10 baş soğanı və 1 baş sarımsağı xırda doğrayaraq yumşalanadək süddə qaynatmaq, üzərinə bir qədər nanə şirəsi və bal əlavə etmək lazımdır. Hər bir saatdan bir 1 xörək qaşığı bütün gün ərzində qəbul edilir;
- 2 xörək qaşığı təzə kərə yağı, 2 təzə yumurta sarısı, 1 çay qaşığı buğda unu və 2 çay qaşığı təmiz bal qarışdırılır və 1 çay qaşığı gündə bir neçə dəfə qəbul edilir;
- tozağacı şirəsi südlə;
- mərcangilə (brusnika) və ya başınağacı (kalina) şirəsi ilə balın siropu.
No comments:
Post a Comment
Şərhlərinizi bura yaza bilərsiniz.