Dəri insanın xarici örtüyüdür. Dəri səthinin sahəsi böyük adamlarda orta hesabla 1,5-2 m2 təşkil edir. Ümumi çəkisi 2,5-3 kq-dır. O orqanizmi bakteriyalardan, zədələnmələrdən, günəş şüasından, su itirilməsindən qoruyur. Dəri həm də hissiyyat orqanıdır. O bədən hərarətini tənzimləməyə kömək edir.
Yüzilliklər ərzində insan müxtəlif səpkilər və qaşınma olduqda, yanıq və yaralar, çiban və sızanaqlar zamanı kömək edən müalicəvi vasitələr haqqında o qədər bilik toplamışdır ki, indi bu məqsədlə istifadə olunmayan bitki tapmaq çətindir. Belə ki, göbələk xəstəliklərində, donma və yanıqlar zamanı, dərinin qıcıqlanmasını azaltmaq, iltihabi proseslərin qarşısını almaq, döyənəkləri (mozol) yumşaltmaq məqsədi ilə kosmetik vasitə kimi (piqment ləkələrini aradan qaldırmaq, çil və ziyillərə qarşı) soğandan; xallı dəmrov, ziyil zamanı, keçəllikdə - sarımsaqdan geniş istifadə olunur. Yaraların, uzun müddət sağalmayan xoraların müalicəsində, şüa xəstəliyində çaytikanı (oblepixa) yağı əvəzolunmazdır. Yara sağaldıcı təsirə həm də kərəviz, bağayarpağı, qoz, limon, itburnu, sofora, aloe malikdirlər. Çibanı pomidor, çobanyastığı, adi mayaotu, bağayarpağı, dəvədabanı, meşə gilası ilə; ekzemanı - qara turp, balqabaq, kələm, çiyələk, böyürtkənlə; xənazili (sarıca xəstəliyi - zolotuxa) - kələm, qoz, qırmızı başınağacı (kalina krasnaya), dəvədabanı, çobanyastığı, qarağatla müalicə edirlər. Kosmetologiyada limondan, yerkökündən, qıtığotundan, xiyardan, lobyadan, moruqdan istifadə edirlər.
Bir çox dəri xəstəliklərində müalicəvi vannalar çox effektlidir. Amma, yadda saxlamaq lazımdır ki, bu, gigiyenik prosedura deyil, müalicəvi vasitədir. Ona görə də, vanna qəbul etməzdən qabaq həkimlə məsləhətləşmək vacibdir. Müalicəvi vannaların qəbul müddəti 20 dəqiqədən çox olmamalı, suyun hərarəti 35o-40oS olmalıdır.
Müalicəvi vannaların hazırlanması:
Epidermisin (dərinin üst qatının) buynuzlaşması, dəri qırışları zamanı:
- vannaya 0,5 kq, əvvəlcədən isti suda həll edilmiş, kartof nişastası (kraxmal) və yaxud 0,5 litr (1 litr də olar) yulafın qatı həlimi və 1 xörək qaşığı iynəyarpaq ekstraktı əlavə edilir. Vanna qəbul etdikdən sonra hələ nəm olan dəriyə qidalandırıcı krem və ya kosmetik süd çəkilir;
- parçadan hazırlanmış torbacığa 1 stəkan buğda kəpəyi və çovdar unu, 0,5 stəkan sabun qırıntısı yığaraq, qarışdırılır və vannada suyun içində yerləşdirilir;
Yağlı seboreya, sızanaqlar zamanı:
- ardıc dənələri, lavanda çiçəyi, dazıotu, çobanyastığı gülü - hərəsindən 25 q, cökə çiçəyi, kəklikotu, nanə yarpağı - hərəsindən 50 q parçadan torbacığa yığılır və qazana qoyulur. Üzərinə 2 litr su alaraq güclü odda qaynadılır, sonra 30 dəq. zəif odda saxlanılır, vannaya süzülür. Həftədə 1 dəfə vanna qəbul etmək kifayətdir.
Sızanaqlı səpgilər,
onların qeyri iltihabi forması olan «qara nöqtələr», başlıca olaraq, yetkinlik dövründə
gənclərə böyük narahatlıq, məyusluq gətirir. Səpgilərin çox olduğu və onların dərinin
daha dərin qatlarına yayıldığı hallarda mütləq həkimə müraciət etmək lazımdır. Çünkü
ev şəraitində sızanaqların qarşısını almaq çox çətindir. Heç bir vaxt sızanaqları,
hətta tək-tək olsa belə, ələlxüsus, burun-dodaq üçbucağında yerləşənləri, sıxmaq
olmaz. Dərini «qara nöqtələrdən» yulaf kəpəyi ilə təmizləmək olar:
- 1 stəkan yulaf kəpəyini ət maşınından keçirərək 1 çay qaşığı çay sodası ilə qarışdırmaq və həmin qarışıqdan 1 xörək qaşığını sıyıq əmələ gələnədək isti suda həll etmək lazımdır. Əlləri sabunla yaxşıca yuduqdan sonra barmaqların ucu ilə qarışığı dəriyə sürtmək və sıyıq dəridə sürüşənə qədər dairəvi hərəkətlə üzü massaj etmək lazımdır. Sonra isti suda isladılmış pambıq tamponla silmək lazımdır. Bu proseduranı həftədə 1 dəfə etmək kifayətdir.
Sızanaqlar zamanı
hər səhər yeməkdən qabaq 2-4 çay qaşığı pivə mayası içmək, sürtgəcdən keçirilmiş
yerkökü ilə maska qoymaq, üzü yerkökü şirəsindən hazırlanmış buz ilə silmək faydalıdır.
Çibanların tez
sağalmasına buğda və yaxud çovdar unundan çörəyin yumşaq hissəsini isti süddə isladılmış
halda yaraya qoymaq, dəvədabanı, meşə gilası yarpağından hazırlanmış sıyıq, qarabaşağın
bir-birinin üzərinə qoyulmuş təzə yarpaqları kömək edir.
Sürtgəcdən keçirilmiş
soğan, yerkökü, sürtgəcdən təzə keçirilmiş soğanın buxarı (8-10 dəq. müddətinə) yaraları
irindən təmizləyir, ağrını azaldır və iltihab əleyhinə təsir göstərir.
Yaraların sağalması
üçün qara turpun sürtgəcdən keçirilmiş kütləsi və yaxud şirəsi, aloe və tozağacı
şirəsi, soğan əziyinin həlimi, kələmin xırdalanmış yarpaqları, sürtgəcdən keçirilərək
yağla (bitki və ya kərə yağı ilə) qarışdırılmış kərəvizin təzə yarpaqları istifadə
olunur.
Böyürtkənin xırdalanmış
yarpaqları, portağal şirəsi, tərkibindəki fitonsitlərin sayəsində yaraların sağalmasına
kömək edir. Adi air kökünün su ilə qatılmış (1:3) spirtli tinkturası da müalicəvi
təsirə malikdir.
Ekzemalı xəstələrə aşağıdakı vasitə kömək edə bilər:
- şüşə bankaya qoyulmuş təzə toyuq yumurtasının üzərinə sirkə essensiyası (50 q) əlavə edilir, qapağı örtülür və 24 saat müddətinə qaranlıq, sərin yerdə saxlanılır. Sonra 1 xörək qaşığı duzsuz piy əlavə edərək yekcins kütlə alınanadək qarışdırılır. Xəstə hissələr yaxşıca yuyulur, qurudulur və hazırlanmış məlhəm zədələnmiş nahiyələrə sürtülür (ağrılı olacaq, amma heç olmazsa, 1 saat dözmək lazımdır). Sonra həmin hissələrə uşaq kremi sürtmək lazımdır. Prosedura bir neçə dəfə təkrar olunmalıdır.
Başın dərisinin
ekzeması və tükün tökülməsi hallarında xörək duzu ilə müalicə kursu məsləhət görülür:
- başı isti su ilə yuyub, su olan ləyənin üzərindəcə bir neçə ovuc duzu başa sürtmək (duzu başa 5-7 dəq. sürtməli), əvvəlcə elə həmin su ilə, sonra isə təmiz su ilə başı yaxalamaq lazımdır. Prosedura həftədə bir dəfə aparılmalıdır. Adətən, 6 dəfə kifayət edər, ancaq bir müddət sonra yenidən təkrar etmək pis olmaz.
No comments:
Post a Comment
Şərhlərinizi bura yaza bilərsiniz.