MASTİT


Mastit döş vəzinin (əsasən, birtərəfli) iltihabıdır. Əksər hallarda doğuşdan sonrakı periodda döşlə əmizdirən qadınlarda (laktasion mastit), bəzən döşlə əmizdirməyən qadınlarda, nadir hallarda hamilə qadınlarda və yeni doğulmuş uşaqlarda müşahidə olunur. 90% hallarda mastitin törədicisi qızılı stafilokokdur. İnfeksiyanın giriş qapısı, əksər hallarda, döş giləsinin çatlarıdır. Bəzən infeksiya, əmizdirən zaman (süzən zaman) süd kanalcıqları vasitəsilə, çox nadir hallarda isə endogen ocaqlardan qan və limfa yolları ilə daxil ola bilər. Mastitin əmələ gəlməsinə və inkişafına şərait yaradan mühüm faktor laktostazdır (südün durğunluğu).

İnkişaf stadiyasından asılı olaraq, seroz, infiltrativirinli mastit ayırd edilir.

Seroz (başlanğıc) mastitin klinik təzahürləri: bədən hərarətinin 38o-39oС-yə qədər yüksəlməsi, titrətmə, ümumi vəziyyətin pisləşməsi (baş ağrıları, zəiflik), döş vəzində tədricən artan ağrılar (xüsusilə, əmizdirən və yaxud süzən zaman), vəzinin həcminin artması, dərisinin qızarması, ağrılı bərkimələrin olmasıdır. Gecikmiş və yaxud qeyri effektiv müalicə nəticəsində 1-3 gün ərzində seroz mastit infiltrativ mastitə keçir. Bu zaman simptomlar güclənir, döş vəzində ağrılar artır, vəzidə bərkimiş, kəskin ağrılı infiltrat əllənir, qoltuq limfa vəzilərinin böyüməsi qeyd olunur. Bu stadiyanın davamiyyəti 5-10 gündür. Əgər infiltrat sovrulmursa, adətən, onun irinləməsi baş verir. İrinli mastit yüksək bədən hərarəti (39oС və daha artıq), titrətmə, yuxunun pozulması, iştahın itməsi, döş vəzinin nəzərə çarpacaq dərəcədə böyüməsi və deformasiyası ilə xarakterizə olunur.
Müalicəni xəstəliyin ilkin əlamətlərinin təzahür etdiyi andan başlamaq lazımdır. Belə olduqda irinli iltihabın qarşısı alına bilər. Mastit zamanı döşlə əmizdirmək qəti əksgöstərişdir, belə ki, bu zaman uşağın yoluxması, onun orqanizminə südlə birlikdə antibiotiklərin və ananın müalicəsi üçün istifadə olunan digər dərman preparatlarının daxil olması təhlükəsi yarana bilər.
Müalicə həkim təyinatı və nəzarəti altında aparılır. Seroz və infiltrativ mastitlər zamanı müalicə konservativdir (dərman preparatları vasitəsilə). Bu zaman antibakterial terapiya aparılır və əsasən geniş spektrli antibiotiklərdən istifadə olunur. İrinli mastitlərin müalicəsi operativdir. Cərrahi yolla irinli ocaq açılır və təmizlənir.
Vaxtında müalicə olunduqda proqnozu xoşdur. Döşlə əmizdirmənin bərpa olunması məsələsi hər bir halda individual olaraq həll edilir və prosesin ağırlığından, döş südünün bakterioloji tədqiqinin nəticələrindən asılıdır. Doğuşdan sonrakı mastitin profilaktikası qadınların, xüsusilə, birinci doğuşdan sonra, döşlə əmizdirmə qaydalarına yiyələnməsindən ibarətdir. Döş giləsinin çatının və laktostazın (süd durğunluğunun) vaxtında müalicəsi vacib şərtdir.

Mastitlərin müalicəsində ən təsirli xalq təbabəti vasitələrindən biri arma bitkisinin (alokaziyanın) spirtli tinkturasıdır.






No comments:

Post a Comment

Şərhlərinizi bura yaza bilərsiniz.