Xora xəstəliyi xroniki residivli (qayıdışlı) xəstəlik olaraq, mədə və yaxud onikibarmaq bağırsaqda xoranın (yaranın) əmələ gəlməsi ilə xarakterizə olunur. Xora xəstəliyi əhalinin 7-10%-ində yayılmışdır. Mədə və onikibarmaq bağırsaq xoralarının yayılmasının bir-birinə nisbəti müvafiq olaraq 1:4-ədir. Həm də cavan yaşlarda xoranın duodenal lokalizasiyası (onikibarmaq bağırsaqda yerləşməsi) üstünlük təşkil etdiyi halda, orta və ahıl yaşlarda daha tez-tez mədə xorası qeyd edilir. Onikibarmaq bağısağın xorası daha çox kişilərdə təsadüf edir. Ümumiyyətlə, xora xəstəliyinin tipik qurbanı 45-55 yaşlarda kişilərdir.
Xora xəstəliyinin inkişafı barədə bir çox fərziyyələr mövcuddur, lakin indiyədək onun yaranmasının bütövlükdə incə mexanizmləri tam açıqlanmamışdır. Bununla belə, xora xəstəliyinin əmələ gəlməsinə şərait yaradan faktorlardan sinir-psixiki və fiziki gərginliyi, irsi meyilliliyi, bəzi dərman preparatlarının təsirini (aspirin, butadion, rezerpin, kortikosteroid hormonlar), ziyanlı vərdişləri (papiros çəkmək, içki içmək), düzgün olmayan, qeyri rasional qidalanmanı (kobud və kəskin qidaya aludəçilik, qida qəbulu arasında uzun fasilələr, quru yemək, qidanın tam çeynənilməməsi və s.) göstərmək olar.
Sadə dildə desək, xora mədənin və onikibarmaq bağırsağın toxumalarının (selikli qişasının) mədə turşusu ilə aşılanması nəticəsində yaranır. Bu, açıq yaranın əmələ gəlməsinə gətirib çıxarır. İrsi faktor xoranın inkişafına meyilliliyi artırır. Xora, belə xəstələrin qan qohumlarında üç dəfə çox qeyd edilir.
|
Emosional stress xoranın inkişafında nəzərə çarpacaq rol oynayır. Emosional pozğunluqların yaratdığı hormonal dəyişikliklər mədəni sinirləndirən azan siniri (nervus vagus) qıcıqlandıra, və bu da mədə hormonu olan qastrinin hasil edilməsinə gətirib çıxara bilər. Qana keçmiş qastrin mədə vəzilərini artıq miqdarda xlorid turşusu hasil etməyə vadar edir. Qida olmadıqda turşu, mədənin öz selikli qişasını aşılamağa başlayır.
Xora xəstəliyinin əsas simptomu yuxarı qarın nahiyəsində (epiqastral nahiyədə), orta xəttdən solda (əgər xora mədə cismindədirsə) və yaxud sağda (onikibarmaq bağırsaq xorası) olan ağrıdır. Ağrı çox vaxt döş qəfəsinin soluna, döş sümüyünə, sol kürəyə, onurğanın döş və bel şöbələrinə verə bilər. Ağrı yeməkdən 30-60 dəqiqə sonra əmələ gələ bilər («erkən ağrılar»). Belə ağrılar mədə cismində yerləşən xoralara xasdır.
Mədənin çıxacağında (pilorik) və onikibarmaq bağırsaq soğanağında yerləşən xoralar zamanı ağrılar çox vaxt yemək qəbulundan 2-3 saat sonra («gecikmiş ağrılar»), ac qarına («aclıq ağrıları») və gecələr («gecə ağrıları») olur. Antasidlərin (turşunu neytrallaşdıran preparatların), xolinolitik və spazmolitiklərin qəbulundan sonra, istiliyin təsirindən və qida qəbulundan sonra ağrılar azalır və yaxud tamamilə keçib gedir.
Çox vaxt ağrının pik dövründə turşulu mədə şirəsi ilə qusma olur ki, bu da dərhal yüngüllük gətirir. Ona görə də xəstələr süni surətdə qusmağa çalışırlar. Kəskinləşmə dövründə tez-tez qıcqırma, ürəkbulanma, gəyirmə, qəbizlik müşahidə olunur.
Xoralı xəstələrdə ağrıların və digər dispeptik pozğunluqların fəsil kəskinləşməsi (yazda və payızda) müşahidə olunur. Ağırlaşmamış xora xəstəliyi bərabər periodik gedişi ilə xarakterizə olunur. Kəskinləşmə dövrləri (3-8 həftə) bir neçə aydan bir neçə ilədək davam edən yaxşı əhval-ruhiyyə dövrləri (remissiya) ilə əvəz olunur.
Xora xəstəliyinin fəsadlarından - qastroduodenal qanaxmaları, xoranın perforasiyası (qarın boşluğuna açılması) və penetrasiyasını (digər orqanın boşluğuna açılması), mədə çıxacağının stenozunu (daralması), xoranın maliqnizasiyasını (bəd xassəli şişə çevrilməsi) göstərmək olar.
Ən çox yayılmış - xora qanaxmalarıdır, hansı ki, xəstələrin 15-20%-ində müşahidə olunur. Qanaxma, adətən, qusma ilə (qusuntu kofe çöküntüsünü xatırladır) və yaxud qara qətrana bənzər nəcisin olması ilə biruzə verir.
Xoranın perforasiyası (onun deşilərək, qarın boşluğuna açılması) təqribən 7% xəstələrdə müşahidə olunur. Xoranın deşilməsinə səbəb ola bilən faktorlara gərgin fiziki iş, alkohol qəbulu, həddən artıq yemək aiddir. Bu zaman qarının yuxarı nahiyəsində (epiqastral nahiyədə) çox güclü, kəskin (xəncərvari) ağrılar olur (bəzən kollapsa gətirib çıxara bilər). Qarın divarı əzələlərində qabarıq şəkildə gərginlik və əl vurduqda ağrıların kəskin surətdə artması müşahidə olunur («kəskin qarın simptomu»). Bir müddətdən sonra qısa müddətli aldadıcı yaxşılaşma ola bilər, hansı ki, sonra yayılmış peritonitlə (qarın pərdəsinin iltihabı - həyat üçün çox təhlükəli fəsad) əvəz olunur.
Xoranın penetrasiyası, yəni onun digər təmas edən orqanlara (mədəaltı vəziyə, kiçik piyliyə, öd yollarına) açılmasıdır ki, bu da kəskin ağrılarla müşayiət olunur. Bu zaman ağrıların əvvəlki kimi yemək qəbulu ilə bilavasitə əlaqəsi olmur. Diaqnoz rentgen və endoskopik müayinə zamanı təsdiq edilir.
Mədə çıxacağının stenozu (yığılması, daralması) həmin nahiyədə yerləşən xoranın bitişməsi zamanı olur. Bu fəsadlaşma zamanı epiqastral nahiyədə ağırlıq, köp hissi, fal yumurta qoxulu gəyirmə, sonralar, qida qəbulundan bilavasitə sonra qusma müşahidə olunur.
Xoranın maliqnizasiyası - onun bəd xassəli şişə çevrilməsidir. Alimlərin bu barədə fikri müxtəlifdir. Bəzilərinin, xoranı xərçəngqabağı vəziyyət kimi qiymətləndirdiyi halda, digər alimlər bunu inkar edir. Onların fikrincə, mədə xorası öz-özlüyündə xərçəngqabağı vəziyyət sayılmır. Bununla belə, mədə xərçənginin və mədə xorasının simptomları oxşardır və bundan başqa, mədə xərçəngi zamanı çox vaxt xora əmələ gəlir.
Xora xəstəliyinin müalicəsi kompleks şəkildə aparılır. Müalicə turşu-şirə faktorunun zədələyici təsirinin aradan qaldırılmasına, mədənin və onikibarmaq bağırsağın motor funksiyasının (həzm prosesi zamanı yığılıb açılması və qidanı ötürməsi) normallaşdırılmasına, selikli qişanın epitel hüceyrələrinin regenerasiyasının (bərpasının) stimullaşdırılmasına, sinir və hormon pozğunluqlarının normallaşdırılmasına, mədə və onikibarmaq bağırsağın selikli qişasının qanla təchizinin yaxşılaşdırılmasına yönəldilir.
Kəskinləşmə dövründə müalicə stasionar (xəstəxana) şəraitində aparılır. Fəsadlaşma yoxdursa, müalicə konservativdir (dərman preparatları vasitəsilə). Hər hansı sinir və yaxud fiziki gərginlik məhdudlaşdırılmalı, müvafiq pəhriz gözlənilməlidir. Qida mexaniki, kimyəvi və termik cəhətdən qoruyucu olmalı, tez-tez (gündə 6 dəfə) və yaxşı çeynənilmiş vəziyyətdə qəbul edilməlidir. Qızardılmış xörəklər, qaxac məmulatlar (hisdə qurudulmuş), ədviyyat, turşu və marinadlar, kofe, tünd çay, alkohollu içkilər, papiros çəkmək qəti qadağandır. Medikamentoz müalicə mütləq həkim təyinatı və nəzarəti altında aparılmalıdır.
Operativ müdaxiləyə (cərrahi) mütləq göstəriş xora xəstəliyinin fəsadlaşmalarıdır: xoranın deşilməsi - perforasiyası və penetrasiyası, profuz qanaxma, mədə çıxacağının çapıq-xoralı stenozu (dekompensə olunmuş - bərpası güman edilməyən), xoranın maliqnizasiyası (bax: yuxarıda). Nisbi göstərişə residivli (qayıdışlı, təkrarlanan) qanaxma, konservativ müalicənin effektsizliyi aiddir.
Xora xəstəliyi zamanı operativ müdaxilə xoranın yerləşdiyi yerdən asılı olaraq mədənin bu və ya digər hissəsinin rezeksiyasından (kəsilməsindən), mədə divarının deşilməsi və peritonit zamanı xoranın tikilməsi və nazoqastral zondun (mədədən buruna) qoyulmasından və yaxud vaqotomiyadan (mədənin sekretor funksiyasını yatırmaq məqsədilə azan sinirin və ya onun bu və ya digər budağının kəsilməsi) ibarətdir.
Xalq təbabəti xora xəstəliyinin kəskinləşməsi dövründə (mədə şirəsinin azalmış turşuluğu zamanı) bağayarpağı toxumunun dəmləməsini təklif edir:
- 1 xörək qaşığı bağayarpağı toxumu 1/2 stəkan suda qaynadılır, 30 dəqiqə gözlədikdən sonra süzülür. 1 xörək qaşığı gündə 3 dəfə yeməkdən 30 dəq. qabaq qəbul edilir.
Dəmrovotunun da dəmləməsi faydalıdır:
- bitki (kökü qarışıq) yaxşıca yuyulur, xırda doğranır və hər hansı bir qaba yarıyadək doldurulur və üzərinə qab dolanadək qaynar su əlavə edilir, 1 saat gözlədikdən sonra süzülür. 1/2 stəkan səhər ac qarına və gündüz qəbul edilir. Müalicə kursu 2-3 həftəyə nəzərdə tutulur.
Ev şəraitində əvəzolunmaz vasitə - təzə kələmin şirəsidir.
Onu, xırdalanmış kələm yarpaqlarını əzməklə alırlar. 1/2 stəkan gündə 3-4 dəfə yeməkdən
qabaq ilıq halda qəbul etmək lazımdır.
Təzə tomat şirəsindən, çaytikanından (oblepixa), soforindən
də istifadə olunur. Mədə-bağırsaq traktının xoralarında balla limon, nanə müalicəvi
effektə malikdir.
Mədə və onikibarmaq bağırsağın xora xəstəliyində (qıcqırma
olduqda) bataqlıq zambağının (air) kökünü toz halında bıçağın ucunda 2-3 həftə ərzində
gündə 3-4 dəfə qəbul etmək məsləhətdir.
Xalq təbibləri ümumi möhkəmləndirici, iştahı və həzmi yaxşılaşdıran
vasitə kimi aloe preparatlarını məsləhət görürlər.
Mədə ağrılarında, gəyirmə olduqda və dilin üzəri qatı ağımtıl
ərplə örtüldüyü hallarda sarmaşıqvari yersarmaşığının (budra) dəmləməsi ilə müalicə
kursu məsləhətdir (termosda 1 stəkan qaynar suya 1 xörək qaşığı ot - bir günlük
doza).
Yaxşı ağrıkəsici və bürüyücü (mədənin selikli qişasının üzərində
pərdə əmələ gətirici) təsirə malik vasitə kimi adi kətan toxumundan istifadə olunur:
- 2 xörək qaşığı 0,5 litr qaynar su ilə termosda dəmlənir, 1/2 stəkan gündə 3-4 dəfə yeməkdən qabaq qəbul edilir.
Kəskinləşmə dövründə mümkün qədər stress vəziyyətlərinin qarşısı alınmalıdır.
Wtemppugolbu_Huntsville Keshia Freeman https://www.alessandracordey.com/profile/Patch-351-Pes-2013-Torrent/profile
ReplyDeletetirenmeimidd