Prostatit - prostat vəzin iltihabıdır. Prostat vəzi kişi cinsiyyət sisteminin əzələli-vəzili orqanı
olaraq, kiçik çanaqda, sidik kisəsinin altında, sidik kanalı ətrafında yerləşir.
Formasına görə əsası yuxarıya yönəlmiş şabalıdı xatırladır. Ölçüsü insanın yaşından
asılı olaraq, yetkin kişilərdə uzunluğu 2,5-4,0 sm, eni 2,5-3,0 sm təşkil edir. Vəzin çəkisi təqribən 20 q-dir.
Prostat vəzi xüsusi sekret hasil edir ki, bu da cinsi əlaqə
zamanı ifraz edilərək, yumurtalıqlardan gələn spermatozoidlərin həyat fəaliyyəti
üçün əlverişli şərait yaradır. Bundan başqa, prostat vəzidən qana cinsi funksiyanı
və müəyyən dərəcədə zehni qabiliyyəti, yaddaşı, iş qabiliyyətini stimullaşdıran
hormonlar daxil olur.
Prostat vəzin iltihabının əsas səbəbi bakterial infeksiyadır.
Törədici faktor vəziyə bilavasitə sidik kanalından, habelə digər iltihablaşmış orqanlardan,
məsələn, qulaqdan (otit zamanı), burun artımlarından (haymorit zamanı), badamcıqlardan
(tonzillit zamanı) və s. qan və limfa vasitəsilə daxil olurlar. Xəstəliyin inkişafına
təkan verən faktorlara soyuqlama, sidik kanalının kateterizasiyası və endoskopik
tədqiqatı zamanı zədələnməsi, kiçik çanaq orqanlarında qan və limfa dövranının pozulması,
hormonal pozğunluqlar aiddir. Bundan başqa xəstəliyin əmələ gəlməsinə kiçik çanaq
orqanlarında və vəzin özündə qan durğunluğu, anal dəliyin çatı və fistulu, aralıq
sahəsinin travması, babasil və alkoholizm də şərait yaradır.
Kongestiv (durğunluqlu)
adlandırılan prostatit prostat vəzin özündə qanın venoz durğunluğu və hasil
edilən sekretin yığılıb toplanması nəticəsində əmələ gəlir ki, bu da cinsi əlaqələrin
ritminin pozulması zamanı müşahidə edilir. Uzun müddət durğun sekretin qana sovrulması
yumurtalıqların endokrin aktivliyini azalda və bununla da cinsi ehtirasın zəifləməsinə
gətirib çıxara bilər.
Kəskin prostatit coşğun inkişaf edir və bədən hərarətinin tez
bir zamanda yüksək rəqəmlərədək artması və şiddətli üşütmə, titrətmə ilə müşayiət
olunur. Aralıq sahədə və anal dəlik nahiyəsində güclü ağrılar olur. Çox vaxt sidik
ifrazı pozulur, tez-tez və əziyyətli olur. Sidik kisəsi boynunun və sidik kanalının
şişkinliyi nəticəsində sidik ifrazının kəskin dayanması (anuriya) da ola bilər.
Kəskin prostatitin müalicəsi yalnız həkim nəzarəti altında
aparılmalıdır. Müalicə nə qədər tez başlanmış olsa, bir o qədər də müvəffəqiyyətlə
nəticələnə bilər. Həkimsiz özünümüalicənin təhlükəli olmasını xüsusi vurğulamaq
lazımdır. Bəzi xəstələr müstəqil olaraq özlərinə müxtəlif istilik proseduraları
təyin edir ki, bu da müvəqqəti olaraq ağrını sakitləşdirir. Beləliklə də, onlar
tibbi kömək üçün həkimə müraciət etmir və qiymətli günlər, saatlar itirilir, xəstəlik
inkişaf edir. Nəticədə, ya ağırlaşmalar, fəsadlar olur, ya da kəskin proses xroniki
hala çevrilir.
Xroniki prostatit kəskinləşmə və remissiya (xəstəliyin əlamətlərinin
sönməsi) dövrlərinin bir birini əvəz etməsi ilə xarakterizə olunur. Kəskinləşmə
dövründə, adətən, aralıq sahədə və anal dəlik nahiyəsində təzyiq hissiyyatı, omaya,
düz bağırsağa, qasıq nahiyəsinə verən küt ağrı narahat edir. Çox vaxt prosesə sidik
kanalı, toxum ciyəsi, sidik kisəsinin boynu da qatılır. Bu, xəstəliyin gedişini
ağırlaşdırır. Sidik kanalında qaşınma və yanğı hissi əmələ gəlir, sidik ifrazı tezləşir
və ağrılı olur. Bir sıra hallarda uzun müddətli gedişə malik prostatit cinsi funksiyanın
pozğunluğuna səbəb ola bilər. Cinsi sferanın
patoloji prosesə qatılması isə xəstələrin psixikasında və iş qabiliyyətində
əks olunur.
Müalicə kompleksinə medikamentoz terapiya (dərman preparatları
ilə müalicə), fizioterapevtik proseduralar daxildir. Ən vacibi isə, orqanizmdə olan
infeksiya ocaqlarının - qulaqda, burun artımlarında, əsnəkdə, dişlərdə və s., aradan
qaldırılmasına yönəldilmiş təyinatların yerinə yetirilməsidir.
Həkimdən xəbərsiz antibakterial preparatların qəbul edilməsi
qəti surətdə qadağandır. Onlar yalnız o zaman effektlidirlər ki, prostatitin törədicisinin
dərman preparatlarına həssaslığı nəzərə alınmış olsun. Bu, prostat vəzin sekretinin
bakterioloji tədqiqatı ilə müəyyənləşdirilir. Ona görə də antibiotiklərin və digər dərmanların kontrolsuz qəbulu, bir qayda olaraq, mikrob florasının medikamentlərə
qarşı davamlılığının artmasına şərait yaradır. Bu isə müalicəni olduqca çətinləşdirir.
Prostat vəzidə qan dövranını yaxşılaşdırmaq və onda sekretin
durğunluğunu aradan qaldırmaq üçün barmaqla massaj tətbiq olunur. O, əzələlərin
tonusunu artırır, venoz qanın durğunluğunu azaldır və sekretin ifraz olunmasına
şərait yaradır. Massaj yalnız həkim tərəfindən aparılmalıdır. Əks təqdirdə, bacarıqsız,
kobud hərəkətlər vəzin əzələ liflərinin atrofiyasına səbəb ola bilər. Əlbəttə,
kəskin prostatit zamanı, habelə xroniki prostatitin kəskinləşməsi dövründə massaj
etmək qəti surətdə olmaz. Onu da qeyd etmək lazımdır ki, vəzin sekretdən azad
olması üçün və onda qan dövranının yaxşılaşması üçün ən əlverişli vasitə müntəzəm
cinsi həyat tərzidir.
Müvafiq istilik proseduraları iltihab əlamətlərinin sönməsinə
şərait yaradır: isti oturaq vannalar (suyun hərarəti 38-42oC), gündə
3-4 dəfə isti imalə (60-100 q, hərarət - 48-50oC). Əgər prostatit ağrı
ilə müşayiət olunarsa, həkimin məsləhəti ilə imaləyə ağrıkəsici preparatlar əlavə
edilir.
Son zamanlar müalicə kompleksinə, müvəffəqiyyətlə sınaqdan
çıxmış refleksoterapiya (iynə ilə müalicə) metodu daxil edilmişdir. O, bilavasitə
prostat vəziyə müsbət təsiri ilə yanaşı orqanizmdə neyroendokrin əlaqələrini normallaşdıraraq,
qıcıqlanma və tormozlanma proseslərinin hərəkiliyini və tarazlığını bərpa edir və,
deməli, cinsi funksiyanı da tənzimləyir.
Müalicənin müvəffəqiyyətinin vacib şərti - cinsi həyatın optimal
ritminin gözlənilməsidir. Qeyd etmək olar ki, prostatitin bəzi formalarında, məsələn,
kongestiv prostatit zamanı, iltihabın dərmansız aradan qaldırılması üçün cinsi həyatın
tənzimlənməsi kifayətdir.
Kompleks müalicənin vacib komponenti - rasional qidalanmadır.
Prostatitdən əziyyət çəkənlərin qidası müxtəlif tərkibli, əsasən, ağartılı (süd
məhsulları) və bitki mənşəli olmalıdır. Qaxac məmulatlarından, marinadlardan, turşulardan,
pivə və digər alkohollu içkgilərdən imtina edilməlidir.
Bədən tərbiyəsi, su prosedurları, gəzintilər orqanizmin tonusunu
artırır və bütün funksiyaların normallaşmasına gətirib çıxarır. Ancaq, həddən artıq
fiziki məşqlər zərərlidir.
Xalq təbabəti prostatit zamanı cökə çiçəyindən, yemişandan,
kəkotundan, nanədən, qırmızı və ağ qızılgül ləçəklərindən, zirə toxumundan, qarağat,
yağı otu, sarı xəşəmbul yarpaqlarından hazırlanmış çay təklif edir.
Effektli vasitələrdən biri də bitki mənşəli Treataprost preparatıdır. Treataprost ağrılı sidiyin əlamətlərini tez və effektiv şəkildə aradan qaldırır. Kompleks tərkibi ilə prostatitin əmələ gəlməsinə səbəb olan faktor və simptomlara qarşı hər tərəfli blokadanı və effektiv müdafiəni təmin edir. Treataprost prostat sağlamlığını dəstəkləyir. Onun effektivliyi və təhlükəsizliyi klinik cəhətdən sübut edilmişdir. Həm ayrıca monoterapiya kimi, həm də digər preparatlarla müştərək kompleks müalicədə istifadə edilə bilər.
Nəzərdə saxlamaq lazımdır ki, prostatitin profilaktikası (əmələ gəlməsinin qarşısının alınması) sidik kanalının, sidik kisəsinin itihabi xəstəliklərinin vaxtında və tam müalicəsindən ibarətdir. Bağırsaqların müntəzəm işləməsini təmin etmək lazımdır. İş şəraiti başlıca olaraq oturaq olanlara piyada gəzintilər, bədən tərbiyəsi - qaçış, üzgüçülük, tennis və s. məsləhətdir.
No comments:
Post a Comment
Şərhlərinizi bura yaza bilərsiniz.