Öd kisəsinin kəskin və xroniki iltihabının əmələ gəlməsində
bakterial infeksiya və ödün durğunluğu vacib faktorlardandır. İnfeksiya törədicilərinin
öd kisəsinə daxil olma yolları – onikibarmaq bağırsaqdan, hematogen (qan vasitəsilə)
və limfogen (limfa vasitəsilə) yolla baş verir.
Gedişinə görə kəskin və xroniki; öd kisəsində daşın olub olmamasından
asılı olaraq isə kalkulyoz (bax: öd daşı xəstəliyi)
və qeyri kalkulyoz (daşsız) xolesistit ayırd edilir.
Kəskin xolesistit sağ qabırğaaltı nahiyədə
güclü ağrılarla başlayır. Ağrı belin sağ tərəfinə, sağ çiyinə və kürəyə verə bilər.
Ağrı ürəkbulanma və qusma ilə müşayiət olunur. Bəzən bədən hərarətinin yüksəlməsi
qeyd edilir. Ağrı tutması bir neçə gün, hətta 1-2 həftə davam edə bilər. Ağrının
intensivliyi tədricən azalır, o, daimi, küt, periodik olaraq güclənən xarakter alır.
Kəskin xolesistiti olan xəstələr hökmən xəstəxana şəraitində,
cərrahi şöbədə müalicə olunmalıdırlar. Xəstəliyin erkən stadiyalarında müalicə konservativ
(qeyri cərrahi) ola bilər: aclıq, sağ qabırğaaltına soyuq əşyanın qoyulması, spazmolitik
vasitələrin və geniş spektrli antibiotiklərin tətbiqi və s. Bütün bunların effekti
olmadıqda, elə xəstəliyin ilk saatlarında cərrahi müdaxiləyə - xolesistektomiyaya,
ehtiyac duyula bilər.
Xroniki xolesistit sağ qabırğaaltı nahiyədə
ağırlıq hissi və ya küt ağrılarla, bəzən ağızda acılıqla biruzə verir. Xəstəlik
periodik olaraq kəskinləşmə verə bilər. Kəskinləşmə dövrü kəskin xolesistitin əlamətləri
ilə biruzə verir.
Ümumiyyətlə, öd kisəsinin xroniki iltihabının əsas səbəbləri
müasir insanın qidalanma və həyat tərzi ilə bağlıdır. Rasionda heyvan mənşəli yağların,
şəkər və digər şirniyyat növlərinin miqdarı daha da artmış, bununla bahəm bitki
mənşəli qida məhsulları - tərəvəz, meyvə, kobud üyüdülmüş undan çörək və s. xeyli
azalmışdır. İnsanların fiziki aktivliyi də kəskin surətdə aşağı enmişdir. Belə hipokineziya
(fiziki aktivliyin azalması), sözsüz ki, ödün öd kisəsindən və öd yollarından evakuasiyası
(daşınması, hərəkəti) prosesinə öz mənfi təsirini göstərir və bununla da xroniki
iltihabın inkişafına şərait yaradır.
Xroniki xolesistit uzun müddət, bəzən illərlə, on illərlə
davam edə bilər, və bu zaman remissiya (xəstəliyin əlamətlərinin sönməsi, nisbi
sakitlik dövrü) vaxtaşırı kəskinləşmələrlə əvəz olunur.
Kəskinləşmənin qarşısını almaq mümkündürmü? Bəli, mümkündür,
və bu, əsas etibarı ilə, xəstənin özündən asılıdır.
Xroniki xolesistitin kəskinləşməsində vacib rol oynayan, ödün
öd yollarında durğunluğudur. Deməli, ilk növbədə çox hərəkət etmək, aktiv həyat
tərzi keçirmək lazımdır. İş şəraiti oturaq, az hərəkətli olan adamlar gün ərzində,
heç olmazsa, qısaca gimnastika üçün vaxt tapmalıdırlar. Lakin, kalkulyoz xolesistiti
olan (öd kisəsində daş olan) xəstələr, daşın tərpənərək, öd yollarını tutması təhlükəsi
ilə əlaqədar, kəskin hərəkətlərdən imtina etməlidirlər.
Çox vaxt, xroniki xolesistiti olan xəstələr, dərman preparatlarına
arxayın olaraq, qidalanma rejimini gözləmirlər. Yeri gəlmişkən, onu qeyd etmək lazımdır
ki, ödün öd kisəsindən çıxması yalnız qida qəbuluna cavab olaraq baş verir. Ona
görə də, gün ərzində qidanın tez-tez (sutkada 4-5 dəfə) və dəqiq olaraq müəyyən
edilmiş saatlarda qəbul edilməsi ödün evakuasiyasını normallaşdırır.
Öd kisəsinin normal funksiyasının təmin olunması üçün vacib
şərt qidanın tərkibində olan heyvan və bitki mənşəli zülalların optimal mütanasibliyidir.
Heyvan mənşəli zülalın məmbəyi kimi piysiz əti, quş ətini,
süzmə və digər süd məhsullarını, yumurtanı göstərmək olar.
Yeri gəlmişkən, xolesistit zamanı yumurta yemək olar, ya olmaz
və nə qədər yemək olar sualı xəstələri çox maraqlandırır. Yumurta sarısı güclü ödqovucu
təsirə malikdir. Ona görə də xroniki xolesistiti olan xəstələr rasionlarına həftədə
3-4 yumurta, omlet (unla çalınmış yumurtadan qayğanaq) və ilıq bişirilmiş şəkildə,
daxil edə bilərlər.
Bitki mənşəli zülal – tərəvəz, meyvə və giləmeyvələrin, çörək
və digər un məhsullarının tərkibinə daxildir. Xroniki xolesistiti olan xəstələrə
yalnız şirin meyvə və giləmeyvələri yemək məsləhətdir. Lobya və digər paxlalılar,
turşəng, ispanaq və habelə göbələklər qəti surətdə qadağandır. Yanaşı olaraq qastritin
və yaxud duodenitin (onikibarmaq bağırsağın iltihabı) olduğu təqdirdə rasiondan
soğan, sarımsaq, turp çıxarılmalıdır, belə ki, bu qida məhsullarının tərkibinə daxil
olan efir yağları mədənin və onikibarmaq bağırsağın selikli qişasını qıcıqlandırır.
Rasiona yerkökü, kartof, xiyar, çuğundur, Yunan qabağı, kələm,
badımcan, pomidor daxil edilməlidir. Bu qida məhsulları öd daşlarının formalaşmasında
nəzərə çarpacaq rol oynayan xolesterinin orqanizmdən qovulmasına şərait yaradırlar.
Tərəvəzin ödqovucu təsirini artırmaq üçün onun üzərinə bitki
yağı əlavə etmək olar. Günəbaxan, zeytun və qarğıdalı yağı güclü ödqovucu təsirə
malikdir. Lakin onlardan düzgün istifadə etməyi bacarmaq lazımdır. Bitki yağını
artıq hazır xörəyə qatmaq lazımdır, onu qızdırmaq olmaz, belə ki, bu təqdirdə o,
öz müalicəvi təsirini itirmiş olur.
Kalkulyoz xolesistiti olan xəstələr üçün bitki yağının gündəlik
norması 20-30 qramdır və bu miqdar bir neçə qəbula bölünməlidir. Daşsız xolesistit
zamanı isə gündəlik rasiona 30-50 q bitki yağı daxil etmək olar.
Heyvan mənşəli yağlardan kərə yağı (gündə 15-20 q), bir qədər
xama və qaymaq yemək olar. Çətin əriyən, çətin mənimsənilən yağlar (piylər): piyli
donuz əti, qoyun əti, qaz və ördək əti qəti olmaz.
Son illərin tədqiqatları göstərmişdir ki, həddən artıq qəbul
edilən şəkər ödün tərkibini və ödqovmanı pozur. Ona görə də, xroniki xolesistiti
olan xəstələrə gündəlik 50-70 qramdan artıq şəkər (6-9 çay qaşığı şəkər tozu və
ya müvafiq olaraq qənd) qəbul etmək məsləhət deyil.
Əgər xroniki xolesistit piylənmə ilə müşayiət olunursa (heç
də az təsadüf olunmur), şəkərin və digər karbohidratlarla zəngin qida məhsullarının
– yarma, un məhsulları, çörək və s. qəbulu məhdudlaşdırılmalıdır.
Yeri gəlmişkən, çörək barədə. Çoxları yanlış olaraq düşünürlər
ki, xroniki xolesistiti olan xəstələr yalnız ağ çörək yeməlidirlər. Kəskinləşmədən
kənar periodda rasiona mütləq qara çörək və kobud üyüdülmüş buğda çörəyi daxil edilməlidir.
Amma, çörək yumşaq olmamalıdır, onu bir qədər qurutmaq lazımdır.
Xəstəliyin kəskinləşməsinin qarşısının alınmasında xörəyin
düzgün hazırlanmasının da böyük əhəmiyyəti var. Əsas etibarı ilə, buxarda hazırlanmış
və ya qaynadılma xörəklər məsləhətdir. Yağda qızardılmış xörəklərdən qəti surətdə
imtina etmək lazımdır, belə ki, xörəyin bu üsulla hazırlanması zamanı əmələ gələn
maddələr, qaraciyəri, mədə və bağırsaqların selikli qişasını qıcıqlandırır. Remissiya
dövründə əti, qabaqcadan qaynatmaq şərtilə, bir qədər qızartmaq olar.
Bəzən xəstələr kobud səhvə yol verirlər – uzun müddət çəkilmiş
ət yeyirlər. Belə qida müvəqqəti olaraq, yalnız xəstəliyin kəskinləşdiyi dövr üçün
nəzərdə tutulur. Remissiya dövründə yalnız damarlı ət çəkilməlidir.
Xörək hazırlayarkən, çalışın duzunu artıq etməyəsiniz. Duzun
sutkalıq norması 10 qramdan artıq olmamalıdır.
Öd yollarında spazma (yığılmaya, daralmaya) və bunun da nəticəsində
ağrı tutmalırına yol verməmək üçün soyuq xörək yeməyin, soyuq içki, maye içməyin.
Xroniki xolesistiti olan xəstələrə qaxac məmulatlar, turşu və marinadlar,
piyli balıq, beyin, böyrək, qaraciyər, piyli donuz, qoyun, qaz, ördək əti, heyvan
mənşəli yağlar (kərə yağından başqa), şokolad, kakao, yağlı bulka, konservlər, lobya
və digər paxlalılar, turşəng, ispanaq, göbələk, ədviyyat, alkohollu içkilər qəti
qadağandır.
Buyurun, izləyin:
No comments:
Post a Comment
Şərhlərinizi bura yaza bilərsiniz.