HERPES


Herpes (uçuq), əsas etibarı ilə, dəridə təzahür edən virus xəstəliyidir.
İnfeksiya məmbəyi xəstə adam və ya virus daşıyıcısıdır. Virus təmas yolu ilə ötürülür. Soyuqlama, orqanizmin müqavimət qabiliyyətinin aşağı düşməsi, avitaminoz (hipovitaminoz; bax: avitaminoz) xəstəliyin inkişafına şərait yaradır. Bununla yanaşı, adi herpesin isti havada, günəşin qızmarında da təsadüf etməsi mümkündür.

Adi herpes (herpes simplex) dəridə və selikli qişalarda məhdud şişkin çəhrayı ləkənin fonunda sıx qruplaşmış, seroz tərkibli suluqların əmələ gəlməsi ilə xarakterizə olunur. Səpgilər qaşınma, göynəmə və ağrı ilə müşayiət olunur. 3-4 gündən sonra suluqlar quruyur, üzəri qabıqla örtülür. 6-8-ci gün qabıq qopur, yeri sağalır.
Herpesin dodaqlarda və yaxud burun qanadlarında əmələ gəlməsinin ilk simptomları artıq biruzə verirsə, qulaq çubuğu vasitəsilə qulağınızdan bir qədər «qulaq çirki» götürüb, xəstə sahələrə sürtün. Proseduru 2-3 dəfə təkrar etmək kifayətdir, herpes keçib gedəcək.
Səpgilərin daha çox yayıldığı, cinsiyyət orqanlarını, gözləri, ağız boşluğunu əhatə etdiyi təqdirdə, xəstənin ümumi vəziyyətinin korlandığı hallarda müalicəni daimi həkim nəzarəti altında aparmaq lazımdır. Müalicə gedən müddət ərzində isti geyinmək və orqanizmi soyuqlamadan qorumaq məsləhətdir. Qida vitaminlərlə, xüsusən də B qrupu vitaminləri ilə zəngin olmalıdır (bax: avitaminoz).

Qurşaqvari herpesin (herpes zoster), buna bəzən qurşaqvari dəmrov da deyirlər, törədicisi su çiçəyi virusudur. Qurşaqvari herpes dərini və sinirləri zədələyir və hər hansı hissiyyatlı sinir boyu yerləşir. Çox vaxt, bu, qabırğaarası sinirlər və üçlü sinirin ayrı-ayrı budaqları olur. Zədələnmə, bir qayda olaraq, birtərəfli olur. Qurşaqvari dəmrov hər bir yaş qrupunda müşahidə oluna bilər, lakin 10 yaşa qədər uşaqlarda çox nadir hallarda qeyd edilir.
Qurşaqvari herpes zədələnmiş sinir boyu 3-5 sm və daha artıq ölçüdə qırmızımtıl çəhrayı ləkələr fonunda qruplaşmış seroz tərkibli suluqların əmələ gəlməsi ilə xarakterizə olunur. Zədələnmə ocaqlarının sayı müxtəlif olur və onların əmələ gəlməsi güclü, bəzən dözülməz ağrılarla, halsızlıqla, bədən hərarətinin yüksəlməsi ilə müşayiət olunur. Suluqlar 6-8 gündən sonra quruyur, onların yerində qabıq əmələ gəlir ki, bunlar da üçüncü həftənin sonuna yaxın qopur.
Zədələnmiş sahələrə anilin boyalarının məhlulu, interferon, bonafton məlhəmi sürtülür. Daxilə antibiotiklər, analgetiklər (ağrıkəsicilər), əzələ daxili – vitamin B6, B12, kokarboksilaza təyin edilir.

Herpesin profilaktikası üçün xalq təbabəti bədənin bərkiməsi, möhkəmləndirilməsini, iqlimə uyğun geyinməyi, qapalı yerlərdə və isti hava şəraitində bədənin qızmasının, soyuq rütubətli havada isə soyuqlamasının qarşısının alınmasını məsləhət görür. Qurşaqvari herpes zamanı, su çiçəyi virusunun yayılması təhlükəsi ilə əlaqədar, xəstələrin uşaqlarla təmasda olmasının qarşısı qəti surətdə alınmalıdır.

Buyurun, izləyin:




No comments:

Post a Comment

Şərhlərinizi bura yaza bilərsiniz.