NEVRALGİYA

Nevralgiya - sinir və onun budaqları boyu yayılmış və müəyyən sinirlərin və ya sinir kötüklərinin innervasiya zonalarında olan «gülləvari», kəsici, yandırıcı xarakterli ağrıdır.
Nevralgiyanın səbəblərindən travmaları, ekzogen (xaricdən gələn) və endogen (orqanizmin daxilindən) intoksikasiyaları, metabolik (mübadilə) pozğunluqları, sinirlərin zədələnməsini göstərmək olar.

Nevralgiyanın ümumi klinik təzahürü ağrıdır. Nevralgiya tutmaları soyuğun, fiziki və emosional gərginliyin təsiri nəticəsində baş verir. Ağrı çox vaxt yerli vegetativ pozğunluqlarla (dərinin qızarması, şişməsi, tər ifrazının pozulması ilə və s.) müşayiət olunur.

Ən çox yayılmış - vertebrogen nevralgiyalardır (onurğadan törəmə), hansılar ki, müəyyən onurğa beyin kötüyü və ya siniri boyu qəfil olaraq baş verir. Bu ağrılar «gülləvari» xarakter daşıyır və əzələlərin gərginləşməsi ilə, gövdənin və yaxud ətrafların məcburi vəziyyəti ilə müşayiət olunur. Ağrılar çox vaxt soyuqlamadan və yaxud fiziki gərginlikdən sonra başlayır.

Qabırğaarası nevralgiya daimi və ya tutmavari olmaqla, ağrıların qurşaqvari,
onurğadan başlayaraq qabırğa boyu döş sümüyünədək (birtərəfli və ya ikitərəfli) yayılması ilə xarakterizə olunur. Ağrı fiziki gərginlikdən, gövdəni hərəkət etdirdikdə, öskürək, asqıraq, dərindən nəfəsalma zamanı artır.

Üçlü sinirin nevralgiyası
(nevriti), onun periferik budaqlarında olan xroniki iltihabi dəyişikliklərin nəticəsində baş verir. Bu dəyişikliklər üzün travması, burun artımlarının, diş-çənə sisteminin iltihabi xəstəlikləri zamanı, serebral araxnoiditlər (beyinin tor qişasının iltihabı) zamanı patoloji prosesin üçlü düyünə və üçlü sinirin kötüyünə yayılması nəticəsində, habelə kəllədaxili şişlər, beyindaxili damarların aterosklkrozu nəticəsində əmələ gəlir. Üçlü sinirin nevralgiyası (nevriti) üzün müvafiq nahiyəsində 1-2 dəqiqə, bəzən bir neçə saniyə davam edən «gülləvari» tutma şəkilli ağrılarla biruzə verir. Tutmalar gündə bir neçə dəfə təkrar oluna bilər. Ağrı bir nöqtədən başlayaraq sinirin zədələnmiş budağı boyu yayılır. Üzdə, üçlü sinirin budaqlarının çıxış nahiyəsində ağrılı nöqtələr müəyyən olunur. Bu nöqtələrə yüngülcə toxunduqda tipik ağrı tutması baş verir, bərk təzyiq göstərdikdə isə ağrı kəsilə bilər. Ağrı çeynədikdə, udqunduqda, söhbət etdikdə artır.

Dil-udlaq sinirinin nevralgiyası udlaqda, badamcıqlarda, dilin kökündə,
qulaqda ağrı tutmaları ilə, dad hissiyyatının pozulması ilə müşayiət olunur. Ağrı udqunma zamanı, dilin kökünə, badamcıqlara toxunan zaman əmələ gəlir. Dil-udlaq sinirinin nevralgiyası xroniki tonzillit, qırtlağın bəd xassəli şişi, serebral damarların aterosklerozu zamanı inkişaf edir.

Nevralgiyaların müalicəsi ilk növbədə əsas səbəbi aradan qaldırmağı tələb edir. Sinirin trofikasını (qidalanmasını, qanla təchizatını) bərpa etmək üçün B1, B12, E vitaminləri, polivitaminlər təyin edilir. Analgetiklər, sedativ preparatlar, ultrayüksək tezlik (UVÇ), ultrabənövşəyi şüalanma tətbiq edilir. Dəri reseptorlarını blokada edici, arı və ilan zəhəri tərkibli yayındırıcı preparatlar, novokain blokadası, istilik prosedurları, refleksoterapiya effektli vasitələrdir. Remissiya dövründə (xəstəliyin sakitləşdiyi periodda) sulfid vannaları, radon vannaları, palçıq müalicəsi tətbiq edilir.

Nevralgiyalar zamanı xalq təbabəti metodu çox sadədir: yumurtanı bərkiyənədək qaynadaraq, yarı bölmək və hər iki hissəni isti-isti ağrı ən çox hiss olunan yerə qoymaq lazımdır. Yumurta soyuyanadək ağrı kəsəcək. Bu, yaxşı təcrübədən keçmiş vasitədir.




No comments:

Post a Comment

Şərhlərinizi bura yaza bilərsiniz.