Təqdim olunan materiallar 2000-ci ildə çapdan çıxmış "Təbabət hamı üçün" silsiləsindən olan eyni adlı kitabın əsasında tərtib edilmiş, yenilənmiş, bir qədər genişləndirilmiş, əlavə məlumatlar daxil edilmiş, müasir baxışlarla zəngilləşdirilmişdir (Təbabət hamı üçün. (Həkim məsləhətləri). Bunları bilmək vacibdir - Bakı. 2000-ci il, - s.120).
Kitabda müxtəlif xəstəliklərin və yaxud patoloji halların əmələ gəlmə səbəbləri, gedişinin xüsusiyyətləri və müalicə tədbirləri barədə lazımi məlumat öz əksini tapmışdır. Əsas məqsəd isə bu və ya digər xəstəliyin, patoloji halın profilaktikası, yəni əmələ gəlməsinin (artıq əmələ gəlmişdirsə, onun inkişafının, kəskinləşməsinin, ağırlaşmasının, fəsadlaşmasının) qarşısının alınması tədbirləri ilə oxucunu tanış etməkdir.
Böyük Tibb Ensiklopediyası sağlamlığa "insan bədəninin bütün orqan və sistemlərinin funksiyasının ətraf mühitlə tarazlıq vəziyyətində tam olaraq yerinə yetirilməsi və hər hansı ağrı, xəstəlik və patoloji halın olmaması" kimi tərif verir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) əsas materiallarında sağlamlıq təkcə xəstəliyin və fiziki qüsurların olmaması ilə deyil, həmçinin fiziki, mənəvi və sosial rifah vəziyyətinin də tam qaydasında olmasını ehtiva edir. Sağlamlıq çox mürəkkəb bir fenomendir, xarakterik və əhəmiyyətli cəhətləri qısa və birmənalı şəkildə ifadə edilə bilməz. Sağlamlığı bir neçə aspektdə nəzərdən keçirmək olar: fiziki sağlamlıq, psixi sağlamlıq, mənəvi sağlamlıq, sosial sağlamlıq və s.
Elmi mənbələrin təhlili qlobal miqyasda insan sağlamlığının getdikcə pisləşməyə doğru tendensiyasının olduğunu göstərir. Məlumdur ki, hər bir insan öz sağlamlığına özü məsuliyyət daşımalıdır. Lakin obyektiv reallıq bunun heç də həmişə belə olduğuna dəlalət etmir. Xüsusilə yeniyetmə və gənclər arasında sağlamlıqlarına qeyri ciddi, bunun bir davamlı, ömürlük dəyər olması kimi məsuliyyətsiz münasibət hökm sürür. Ona görə də son vaxtlar bir çox ölkələrdə gənclərin sağlam həyat tərzinə diqqət daha da gücləndirilib.
Ətraf mühitin təsiri: quru səthinin, hidrosferin, atmosferin və dünya okeanının çirklənməsi insan sağlamlığına, “ozon dəliyi” bədxassəli şişlərin əmələ gəlməsinə, havanın çirklənməsi tənəffüs yollarının vəziyyətinə, suyun çirklənməsi - həzm proseslərinə təsir edərək, insan sağlamlığının ümumi vəziyyətini kəskin surətdə pisləşdirir, ömrünü azaldır.
İrsiyyətin təsiri: genetik faktor bütün canlı orqanizmlərə xasdır və bir neçə nəsildə eyni inkişaf əlamətlərinin və xüsusiyyətlərinin təkrarlanması, hüceyrənin genetik strukturunun, onlardan yeni fərdlərin inkişafı üçün proqramların bir nəsildən digərinə ötürülməsi qabiliyyətini ehtiva edir.
Sağlam həyat tərzi: sağlam həyat tərzinə aşağıdakı əsas elementlər daxildir: iş və istirahət rejimi, pis vərdişlərin aradan qaldırılması, optimal fiziki hərəkət rejimi, şəxsi gigiyena, bədənin möhkəmləndirilməsi, rasional qidalanma və s.
Hal-hazırda gənclərin sağlamlığında mənfi tendensiyalar davam edir:
- Yoluxucu xəstəliklərin, ilk növbədə vərəm, sifilis və QİÇS-in artması xüsusi narahatlıq doğurur;
- Tənəffüs və qan dövranı orqanlarının, dayaq-hərəkət aparatının xəstəliklərinin, psixi pozğunluqların sayının artması;
- Narkotik və digər toksik maddə asılılığının artması;
- Yenidoğulmuşlar arasında xəstələnmə göstəricilərinin artması;
- Gənc nəslin - gələcək valideynlərin reproduktiv sağlamlığında problemlərin olması;
- Reproduktiv yaşda olan əhalinin sağlamlıq səviyyəsinin aşağı olması, abortların çoxluğu, həmçinin hamiləlik və doğuş zamanı patoloji vəziyyətlər ana və perinatal ölüm hallarının yüksək göstəricilərini səciyyələndirir.
- Gənc nəslin reproduktiv sağlamlığının aşağı düşməsinin əsas səbəbləri arasında alkoqol, tütün və narkotik maddələrdən istifadənin artması göstərilir.
- Sağlamlığın pisləşməsinin səbəblərindən biri də ətraf mühitin əlverişsiz faktorlarıdır.
Hər bir insan üçün sağlamlıq iyerarxik dəyərlər sistemində ən yüksək pilləni tutan təbii həyat dəyəridir. Buna görə də, hal-hazırda sağlamlıq fenomeni qiymətli kapital olaraq, gələcək üçün uduşlu investisiya kimi aktuallaşır. Hər bir fərd, ilk növbədə, dərk etməlidir ki, sağlam, keyfiyyətli, dolğun həyat yaşamaq üçün münbit şəraiti yalnız özü yarada bilər və yaratmalıdır.
Çalışın sağlam qalın!
Unutmayın ki, sağlamlığınız öz əlinizdədir!